Əfqanıstanda son durum: Taliban 'siyasi məhbusları' azadlığa buraxır

Əfqanıstanda son durum: Taliban 'siyasi məhbusları' azadlığa buraxır
19 Avqust 2021
Mətni dəyiş

Əfqanıstanda "Taliban" ali lideri Şeyx Əl-Hadis Haybatullah Axundzadə (Hafizullah) ölkənin bütün həbsxanalarından 'siyasi məhbusların' sərbəst buraxılması əmrini verib.

Bu barədə taliblərin sözçüsü Kari Yusif Əhmədi açıqlama verib.

"Siyasi məhbusların ölkənin bütün həbsxanalarından sərbəst buraxılması haqqında fərmanda qeyd edilir ki, əyalətlərin qubernatorları ölkədəki bütün siyasi məhbusları qeyd-şərtsiz azad etməli və sabahdan ailələrinə təhvil verməlidirlər", - deyə məlumatda bildirilir.

Eyni zamanda, sosial şəbəkələrin Əfqanıstan seqmentində Çarkint mahalının keçmiş başçısı Salimə Mazarinin "Taliban" əsirliyindən azad edilməsi tələbləri artır. O, əvvəlki hökumətdə mahal valisi olaraq çalışan üç qadından biri idi.

Həzəra xalqının nüfuzlu siyasi liderinin abidəsi "Taliban" tərəfindən dağıdılıb

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" qruplaşmasının üzvləri ölkədəki həzəra etnosunun siyasi lideri Abdul Əli Məzarinin abidəsinə qarşı vandalizm aktı törədib.

Bu barədə Avropada yaşayan pakistanlı hüquq müdafiəçisi Salim Caved öz "Twitter" səhifəsində məlumat verib.

Hadisə Əfqanıstanın mərkəzi hissəsində yerləşən Bamian vilayətinin inzibati mərkəzi olan Bamian şəhərində  baş verib.

Öz növbəsində yerli mətbuat da Əli Məzarinin dağıdılmış heykəlinin fotoşəkillərini yayıb.

Abdul Əli Məzari Sovet İttifaqının Əfqanıstana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar dövründə həzəra üsyançılarına rəhbərlik edib.

O, həmçinin Əhməd şah Masudla ittifaqa daxil olaraq Əfqanıstanın şimalında "Taliblərə" qarşı müqavimət hərəkatına başçılıq edib.

Abdul Əli Məzari 1995-ci ildə "Taliban" tərəfindən əsir götürülərək öldürülüb.

Taliblər küçə reklamlarındakı qadın obrazlarını rəngləyirlər

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" üzvləri küçə reklamlarındakı qadın obrazlarını rəngləyirlər. Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Təşkilat təmsilçiləri öz hərəkətlərini şəriət qanunları ilə əsaslandırır, qadınların açıq görünüşünün haram olmasını bildirilər.

https://twitter.com/tagabhishek/status/1427994236922732549

"Əfqanıstanda demokratiya olmayacaq"

Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatının nümayəndəsi Vahidullah Haşimi bir sıra maraqlı açıqlamalarla diqqət çəkib.

"Reuters" agentliyinin məlumatına görə, təşkilat rəsmisi Əfqanıstanda demokratiyanın olmayacağını bəyan edib. O bildirib ki, ölkə şəriət qanunlarına əsasən idarə olunacaq.

Haşimi qadınların təhsil məsələsinə də toxunub. Onin sözlərinə görə, Əfqanıstanda qadınların təhsil hüququ barədə islam üləmaları şurası qərar verəcək.

Həmçinin, "Taliban" nümayəndəsi Əfqanıstanla qonşu ölkələrə müraciət edərək, bu dövlətlərin əfqan hərbçilərin qaçdıqları təyyarə və helikopterləri geri qaytaracaqlarına ümid etdiyini bildirib.

Taliblər Əfqanıstan vətəndaşlarının silahlarını almağa başlayırlar

"Taliban" hərəkatının üzvləri Əfqanıstan vətəndaşlarının sursat və silahlarını təhvil verməli olduqlarını bildiriblər.

Bu barədə "Reuters" "Taliban" nümayəndələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, "Taliban" hərəkatının liderləri açıq fəaliyyət göstərəcəklərini açıqlayıblar.

Əfqanıstan prezidenti BƏƏ-də xəstəxanaya yerləşdirilib

Əfqanıstan prezidenti Əşrəf Qaninin hansı ölkəyə pənah apardığı bəlli olub.

"Reuters" xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Əfqanıstanı tərk edən dövlət başçısı və onun ailə üzvlərinə sığınacaq verib.

Bu barədə əmirliyin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.

Həmçinin, Qaninin səhhətinin pisləşdiyi və onun xəstəxanaya yatırıldığı bildirilib.

Əfqanıstan "İnterpol"dan Əşrəf Qaninin saxlanılmasını istədi

Əfqanıstanın Tacikistandakı səfirliyi "İnterpol"dan keçmiş dövlət başçısı Əşrəf Qaninin dövlət vəsaitlərini mənimsədiyi üçün saxlanılmasını istəyib.

Bu barədə "TOLOnews" məlumat yayıb.

Səfirlik həmçinin, eyni ittihamla keçmiş milli təhlükəsizlik müşaviri Həmdulla Mohibin və prezident administrasiyasının rəhbəri Fəzl Mahmud Fəzlin saxlanılmasını istəyib.

Ərdoğan "Taliban"la əməkdaşlığı istisna etməyib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əfqanıstanda cərəyan edən son proseslərlə bağlı yerli özəl telekanallara müsahibə verib.

Dövlət başçısı əfqan xalqının rahatlığı və Türkiyənin maraqlarını qorumaq üçün hazırki hakimiyyətlə əməkdaşlığa hazır olduqlarını bildirib.

O, Əfqanıstanın yanında olmağın əhdə vəfa və qardaşlıq borcu olduğunu bəyan edib.

Ərdoğanın sözlərinə görə, Əfqanıstandakı Türkiyə hərbçiləri heç zaman müharibə rəmzi olmayıb və türk əskərinin ölkədəki varlığı yeni hakimiyyətin beynəlxalq aləmdəki işini asanlaşdıracaq.

Türkiyə prezidenti həmçinin yaxın zamanda Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putinlə də görüşəcəyini qeyd edib.

Yunanıstan Əfqanıstandan gələcək miqrantların qarşısını almağa hazırlaşır

Yunanıstan hökuməti Əfqanıstandakı vəziyyətlə əlaqədar olaraq ölkəyə quru və dəniz sərhədləri ilə miqrantların qanunsuz daxil olmasının qarşısını almağa hazırdır.

Bu barədə Yunanıstan baş nazirinin mətbuat xidməti Milli Təhlükəsizlik Şurasının (KYSEA) iclasından sonra bildirib.

“Görüşdə Əfqanıstanda vəziyyətin inkişafı qiymətləndirilib. Yunanıstan qüvvələri ilə əməkdaşlıq edən şəxslərin və ailələrinin Əfqanıstandan təhlükəsiz qayıdışının koordinasiya edilməsi prioritet olaraq qalır. Bütün zəruri tədbirlərin koordinasiyası Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir”, - deyə qeyd edilir.

Mətbuat xidmətindən bildiriblər ki, həm Avropa, həm də ikitərəfli və milli səviyyədə sərhədlərin qorunması və yeni humanitar böhranın qarşısını alınmasının planlaşdırılması müzakirə edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun