25 Avqust 2021
Mətni dəyiş
Taliban qarşısında müqavimət hərəkatının lideri Əhməd Məsud heç vaxt təslim olmayacaqlarına söz verib. Buna baxmayaraq, o, Əfqanıstanın yeni hakimiyyəti ilə danışıqlara açıq olduğunu da sözlərinə əlavə edib.
Bu barədə Əhməd Məsud "Paris Match"-ə çərşənbə günü verdiyi müsahibəsində danışıb.
Əfsanəvi Əfqanıstan üsyançı komandiri Əhməd Şah Məsudun oğlu Əhməd Məsud keçmiş vitse-prezident Əmrullah Salehlə birlikdə Kabilin şimalındakı doğma Pəncşir vadisinə çəkilib.
"Təslim olmaqdansa ölməyi üstün tuturam" deyən Məsud Taliban Kabili ələ keçirəndən bəri verdiyi ilk müsahibəsində fransız filosofu Bernard-Henri Leviyə deyib. "Mən Əhməd Şah Məsudun oğluyam. Təslim olmaq sözü mənim lüğətimdə yoxdur".
Məsud iddia edib ki, 1979-cu ildə Sovet ordusu və ya 1996-2001-ci illərdə Talibanın ilk hakimiyyəti dövründə heç vaxt işğal edilməyən Pəncşir vilayətindəki “Milli Müqavimət Cəbhəsi”nə “minlərlə” şəxs qatılıb.
O, Fransa Prezidenti Emmanuel Makron da daxil olmaqla, xarici liderlərdən dəstək çağırışını təkrarlayıb və bu ayın əvvəlində Kabilin ələ keçirilməsindən qısa müddət əvvəl silahlardan imtina edilməsi mövzusunda məyusluğunu dilə gətirib.
“Sadəcə səkkiz gün əvvəl Kabildə silah-sürsat istədiyim şəxslərin tarixi səhvini unuda bilmirəm”, - fransız dilində nəşr olunan müsahibəsinin transkriptinə görə, Məsud belə deyib.
"Onlar imtina etdilər. Və bu silahlar-artilleriya, helikopterlər, Amerika istehsalı tanklar bu gün Talibanın əlindədir", o bildirib.
Məsud Talibanla danışıqlara açıq olduğunu və mümkün razılaşmanın ana xətlərini ortaya qoyduğunu da sözlərinə əlavə edib.
"Danışa bilərik. Bütün müharibələrdə danışıqlar olur. Və atam həmişə düşmənləri ilə danışırdı", o deyib.
"Təsəvvür edin ki, Taliban qadınların, azlıqların hüquqlarına, demokratiyaya, açıq cəmiyyət prinsiplərinə hörmət etməyə razılıq verdi", o əlavə edib. "Niyə bu prinsiplərin onlar da daxil olmaqla, bütün əfqanlara fayda verəcəyini izah etməyə çalışmayaq ki?”
Onun atası - Paris və Qərblə sıx əlaqəsi olan frankofil Əhməd şah Məsud 1980-ci illərdə Əfqanıstanın Sovet işğalına və 1990-cı illərdə Taliban rejiminə qarşı mübarizədəki roluna görə "Pəncşir Aslanı" ləqəbi alıb.
O, 2001-ci il, 11 sentyabr hücumlarından iki gün əvvəl Əl-Qaidə tərəfindən öldürülüb.