1 İyul 2021
Mətni dəyiş
"Ermənistan təzyiq altında Azərbaycanla hər hansı sülh müqaviləsi imzalamayacaq, bundan söhbət gedə bilməz". Bu barədə parlamentin xarici məsələlər komissiyasının sədri, Ermənistan xarici işlər naziri vəzifəsinə namizəd Ruben Rubinyan “Sputnik Armenia”ya müsahibəsində bildirib.
Bununla da o, Yerevanı “sərhədlərin pozulmazlığı və ərazi bütövlüyünə hörmət əsasında” münasibətlərin normallaşdırılması prosesinə başlamağa çağıran Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun dünənki bəyanatına cavab verib.
Rubinyan bildirib ki, Bakı Dağlıq Qarabağın Qarabağ xalqının iradəsinə əsaslanan statusunu qəbul etsə, Ermənistan “Azərbaycanla məmnuniyyətlə sənəd imzalayar”.
O, Yerevanın avtomatik olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıması ssenarisini istisna edib.
Onun fikrincə, regionda Azərbaycanın yeni təcavüzünü qeyri-mümkün edən reallıqlar formalaşıb. Buraya Rusiya sülhməramlılarının Qarabağda iştirakı da aiddir.
Bundan başqa, Minsk Qrupunun şəxsində beynəlxalq ictimaiyyət hesab edir ki, Qarabağın statusu məsələsi açıq qalıb və münaqişə nizamlanmayıb.