NATO Gürcüstanda 3 minə qədər hərbçinin iştirakı ilə təlimlər keçirir.
Təlimlərdə Gürcüstandan 1600, Amerikadan 700 və Azərbaycan da daxil olmaqla 13 ölkədən 250 hərbçi iştirak edir.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov da təlimlərlə bağlı fikir səsləndirib.
O, jurnalistlərə açıqlamasında bildirib ki, ölkəsi bu təlimləri yaxından izləyir və önəmli olan təlimlər çərçivəsində Rusiya ilə bağlı hansısa mənfi ssenarinin həyata keçirilməməsidir.
Jurnalistin "Azərbaycanın bu təlimlərdə iştirakı ilə bağlı nə düşünürsünüz" sualına Peskov cavab olaraq bildirib ki, Azərbaycan müstəqil dövlətdir.
"Bu ölkə ilə münasibətlərimizə dəyər veririk. Bu, bir müttəfiq münasibətləridir. Daha da irəliləmək üçün siyasi iradə var. Bizim üçün önəmli olan o təlimlər çərçivəsində Rusiya ilə bağlı hansısa mənfi ssenarilərin baş verməməsidir", - deyə Peskov əlavə edib.