8 İyul 2021
Mətni dəyiş
İyulun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində terrorizmdə ittiham olunan Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviçin cinayət işi üzrə prosesdə onun ilkin istintaqda verdiyi ifadələr oxunub.
Dubakov istintaqda bildirib ki, erməni kökənli olduğunu nəzərə alaraq (atası ermənidir) Ermənistanda VOMA təşkilatı, onun Dağlıq Qarabağda azərbaycanlılara qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün hərbçiləri necə hazırlaması ilə maraqlanıb.
2018-ci ildə Ermənistana gəlib, orada hərbi hazırlıq keçib və sonra Şuşa, Xankəndi və digər rayonlara göndərilib.
2019-cu ildə Ermənistanda və işğal olunmuş ərazilərdə olub.
İttiham aktına əsasən bu il yanvarın 14-də terror aktı törətmək üçün Türkiyə vasitəsilə Bakıya gəlib, lakin Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Dubakova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorizm, terrorizmin maliyyələşdirilməsi), 218.2 (cinayətkar birlikdə (cinayətkar təşkilatda) və ya mütəşəkkil qrupların təşkilatçılarının, rəhbərlərinin və ya digər nümayəndələrinin birləşməsində iştirak), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhəddini qanunsuz keçmək) maddələrilə cinayət işi başlanılıb.Onu 15 ilədək azadlıqdan məhrumedilmə cəzası gözləyir.
Dubakovun saxlanması zamanı orada olan iki hal şahidi ifadə verərkən bildirib ki, Rusiya vətəndaşında çanta olub və həmin çantada erməni və rus dillərində qeydlər, telefon olub.
İyulun 7-də məhkəmədə sənədlərin araşdırılması zamanı məlum olub ki, Dubakovun telefonunun yoxlanılması zamanı "Arsax" adlı əlaqə aşkar edilib və təqsirləndirilən şəxs onunla yazışmalar aparıb. Bundan əlavə, yazışmalardan məlum olub ki, Dubakov hansısa Artyom, Samir Mirzoyan və Zaryaryana telefon edib.
Rusiya Federal Xidmətinin təqdim etdiyi arayışda təsdiq edilib ki, Eduard Dubakov 2018-2019-cu illərdə bir neçə dəfə Rusiyadan Ermənistana gedib.
Dubakovun işğal olunmuş ərazilərə getdiyini təsdiqləyən digər sənədlər də açıqlanıb.
Dubakov özü ittihamları rədd edib.
İyunun 30-da keçirilən iclasda o bildirib ki, 2018-ci ildə Belarusda Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunub və onların tapşırığı ilə işğal olunmuş ərazilərə gedib.
Dubakovun sözlərinə görə, 2021-ci ilin yanvarında onu pul mükafatı və yeni tapşırıqlar vermək üçün Bakıya çağırıblar, lakin o saxlanılıb.
Məhkəmə prosesi iyulun 11-də davam edəcək.
İstintaq mərhələsində Rusiya səfirliyinin konsulluq xidmətinin əməkdaşları Dubakovun yanına buraxılıblar. Diplomatik missiyanın nümayəndələri də məhkəmə prosesini izləyirlər.