Cəmiyyət

Ötən il Azərbaycanın turizm gəliri 7 dəfə azalıb

5 dəqiqə
Ötən il Azərbaycanın turizm gəliri 7 dəfə azalıb

Koronavirus pandemiyasından ən çox zərər çəkən sahələrdən biri də turizmdir. Ümumdünya Turizm Təşkilatının məlumatına görə, ötən il cəmi 384 milyon turist səyahətə çıxıb.

Dünyada sonuncu dəfə 1990-cı illərin əvvəllərində buna yaxın göstərici qeydə alınıb. Halbuki, 2019-cu ildə həmin göstərici 1 milyard 500 milyona yaxın idi. Bu, bir il ərzində dünyada turist sayının 75 faizə yaxın azalması deməkdir.

Pandemiyanın turizmə təsiri nəticəsində ötən il dünya ölkələri 1 trilyon 300 milyard dollar həcmində turizm gəlirindən məhrum olub.

Turizm iqtisadiyyatı bir çox digər sahələrin fəaliyyətinə də təsir etdiyindən, turizmdəki durğunluq qlobal ümumi daxili məhsulun toplam 2 trilyon dollar azalmasına səbəb olub. Maliyyə itkiləri ilə yanaşı, bütün dünyada turizm sektorunda çalışan 120 milyonadək şəxs işini itirmə təhlükəsi ilə üz-üzə qalıb.

Azərbaycanda 7 dəfə azalan turizm gəlirləri

Turizm sahəsi özəlliklə devalivasiyasonrası illərdə Azərbaycan iqtisadiyyatı üçün daha mühüm istiqamət olmağa başladı. Bu səbəbdən, son illərdə turizm sahəsi ölkəyə neft satışından sonra ən çox valyuta gətirən istiqamətlərdən biri kimi diqqət çəkirdi. Ancaq ötən il, bütün dünyada olduğu kimi, Azərbaycana gələn turist sayında da ciddi azalma qeydə alındı. Rəsmi rəqəmlərə görə, 2020-ci ildə ölkəyə 796 minə yaxın xarici vətəndaş səfər edib. Bu, 2019-cu illə müqayisədə dörd dəfə azalma deməkdir. Ötən il Azərbaycana səfər edən hər dörd nəfərin üçü Rusiya, Gürcüstan və Türkiyə vətəndaşları olub.

Cədvəl: 2015-2020-ci illərdə Azərbaycana səfər edən turistlərin sayı:

































İlTurist sayı (nəfər)
20152 milyon 6 min
20162 milyon 249 min
20172 milyon 697 min
20182 milyon 850 min
20193 milyon 170 min
2020796 min


 

Səfər edən turistlərin azlığı ölkəyə axan turizm gəlirlərini də ciddi ölçüdə azaldıb. Əgər 2019-cu ildə Azərbaycana səfər edən turistlər ölkədə 2 milyard 971 milyon manat xərcləmişdisə, ötən il bu vəsait cəmi 415 milyon manata yaxın olub. Yəni, 2020-ci ildə Azərbaycanın əldə etdiyi turizm gəlirləri 7 dəfədən çox azalıb.

Əgər son üç il ərzində Azərbaycana səfər edən əcnəbilərin ölkədə xərclədiyi pul xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının xərclədiy vəsaiti bir neçə yüz milyon qabaqlayırdısa, ötən il bu göstərici, təxminən, eyni olub. Ötən il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşları 413 milyon manat vəsait xərcləyiblər. 2019-cu ildə həmin göstərici 2 milyard 407 milyon manat idi.

Cədvəl: 2015-2020-ci illərdə turizm məqsədi ilə Azərbaycana gələn əcnəbilərin və xaricə səfər edən Azərbaycan vətəndaşlarının turizm məqsədi ilə xərclədiyi vəsait (manatla)








































İlƏcnəbilərin Azərbaycanda xərclədiyi vəsaitAzərbaycanlıların xaricdə xərclədiyi vəsait
20151 milyard 132 milyon1 milyard 817 milyon
20161 milyard 411 milyon1 milyard 970 milyon
20172 milyard 285 milyon1 milyard 679 milyon
20182 milyard 662 milyon2 milyard 387 milyon
20192 milyard 971 milyon2 milyard 408 milyon
2020415 milyon413 milyon


 

Turist azlığının təsirləri

Turistlərin sayca azalması ötən il bu sektorda çalışan şirkət və işçi sayını, eləcə də gəlirləri azaldıb.

Rəsmi rəqəmlərə görə, 2019-cu ildə ölkədə 432 səyahət agentliyi və tur operatoru fəaliyyət göstərirdisə, ötən ilin sonunda bu rəqəm 300-ə enib. Başqa sözlə, bir il ərzində, ən azı, 132 müəssisə fəaliyyətini dayandırıb. Bu üzdən, həmin şirkətlərdə çalışan işçilərin sayı il ərzində 2 min 205 nəfərdən, 1 min 464 nəfərə enib.

Hotellərdə çalışan işçilərin sayı da eyni dövrdə 12 min 500 nəfərdən 10 min 700 nəfərədək geriləyib. Bu təkcə turizm agentlikləri və hotellərdə rəsmi rəqəmlərə görə 3 min insanın işini itirməsi deməkdir.

Səyahət agentlikləri və tur operatorlarının əldə etdiyi gəlir həcmində də ciddi azalma var. Əgər həmin şirlətlər 2019-cu ildə 63 milyon 400 min manata yaxın gəlir qazanmışdısa, ötən il bu rəqəm cəmi 16 milyon 150 min manat olub. Onu da nəzərə almaq lazımdır ki, əgər 2019-cu ildə turizm şirkətləri məhsul və xidmətlərin istehsalına 50 milyon 400 min xərcləmişdisə, ötən il xərclər 22 milyon manatı aşmayıb. Yəni, son illərdə ilk dəfə xərclər gəlirləri üstələyib və 6 milyon manata yaxın zərər qeydə alınıb.

Həmin şirkətlərin satdığı turizm yollayışlarının sayı 64 mindən 5 min 300-ə düşüb. Hotel gəlirləri də həmin dövr ərzində 450 milyon manatdan 117 milyon manata geriləyib.

Qeyd etmək lazımdır ki, turizm agentliklərinin və tur operatorlarının sayı azalsa da, hotel sayında nisbi artım gözə çarpır. 2020-ci ildə ölkədə hotel və hotelvari müəssisə sayı 642-dən 655-ə yüksəlib.

Ölkədə fəaliyyət göstərən hotellərin tutumu da il ərzində 49 min 980 nəfərdən 50 min 687 nəfərə yüksəlib. Bununla belə, hotelə yerləşdirilən şəxs və gecələmələrin sayında ciddi azalma var.

2019-cu ildə ölkədə hotellərə 1 milyon 920 min şəxs yerləşdirilmiş, 3 milyon 345 min gecələmə qeydə alınmışdı. Ötən il həmin göstəricilər, müvafiq olaraq, 669 minə və 1 milyona enib.

Ötən il Azərbaycandan turist sayı 5 dəfə azalıb

Dövlət Statistika Komitəsinin rəqəmlərindən aydın olur ki, Azərbaycana gələn turistlər ölkəyə ən çox işgüzar məqsədlərlə səfər edib. Ötən il ölkəyə gələn 796 min turistin 519 mini ölkəyə turizm məqsədi ilə səyahət edib.

Onların 34 faizi məhz işgüzar məqsədlə ölkəyə gələnlərdir. 2019-cu ildə ölkəyə səfər edənlərin 30 faizi məhz bu məqsədlə gəlibmiş. Həmin zaman istirahət-əyləncə üçün gələn turistlərin xüsusi çəkisi 40 faiz olub.

Ölkəyə gələnlərdən fərqli olaraq, xarici ölkəyə gedən azərbaycanlı turistlərin əsas səyahət məqsədi istirahət olub.

Ötən il Azərbaycandan xaricə səfər edənlərin sayı 1 milyon 165 min nəfərə enib. Cəmi bir il öncə bu göstərici 5 milyon 600 min nəfərə yaxın idi. Bu o deməkdir ki, 2020-ci ildə Azərbaycandan kənara edən səfərlərin sayı beş dəfəyədək azalıb.

Ötən il xarici ölkələrə səfərlərin 747 mini turizm məqsədi daşıyıb. Həmin səyahətlərin 27 faizə yaxını istirahət və əyləncə məqsədi ilə həyata keçirilib.

Cədvəl: 2019-2020-ci illərdə Azərbaycandan xaricə səfər edən turistlərin səyahət səbəbləri








































Xarici ölkəyə getmə səbəbi20192020
İstirahət-əyləncə məqsədi ilə1 milyon 252 min195 min
İşgüzar məqsədlə849 min168 min 500
Qohumlara, dostlara baş çəkmək məqsədi ilə876 min 400158 min
Müalicə məqsədi ilə269 min43 min
Dini ziyarət məqsədi ilə250 min39 min 200
Digər851 min143 min

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun