Cəmiyyət

“Müsəlman Birliyi”nin fəalı qanunsuz narkotik dövriyyəsində ittiham olunur

1 dəqiqə
“Müsəlman Birliyi”nin fəalı qanunsuz narkotik dövriyyəsində ittiham olunur

“Müsəlman Birliyi” hərəkatının üzvü, ictimai fəal Razi Hümbətova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz narkotik dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb. Bakının Nərimanov rayon məhkəməsinin qərarı ilə o, həbs edilib.

Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib. Bununla belə, vəkil hələ müvəkkili ilə görüşə bilməyib.

“Hümbətovun saxlanmasından məhkəmə nəzarəti qaydasında şikayət hazırlayıram, həbs qərarından isə apellyasiya şikayəti veriləcək”, deyə Cavadov bildirib.

Hümbətov iyulun 7-də Ceyranbatan qəsəbəsində saxlanılıb. Bundan əvvəl, “Müdafiə Xətti” qeyri-hökumət təşkilatı Hümbətovun saxlanıldıqdan sonra Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə aparıldığı və orada işgəncəyə məruz qaldığı haqda məlumat yayıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun