30 İyul 2021
Mətni dəyiş
İyulun 30-da getməkdə olan Ermənistan parlamentinin təcili iclası çağrılıb.
Müxalifətdə olan “Çiçəklənən Ermənistan” fraksiyasından deputat Naira Zöhrabyan Azərbaycan-Ermənistan sərhədindəki son dürumla bağlı təcili iclas çağrılmasını təklif edib.
O, toplantıya baş nazir vəzifəsini icra edən Nikol Paşinyan, Silahlı Qüvvələr və Müdafiə Nazirliyinin rəhbər nümayəndələrinin də dəvət olunmalarını tələb edib.
Zöhrabyan ölkəsinin hazırda təhlükədə olduğunu bildirib.
“Yaxın vaxtlarda Moskvada olduqca çətin 3 tərəfli danışıqlar gözlənir. 44 günlük müharibədən əvvəl və sonra heç kimin bilmədiyi vəziyyətin təkrarlanmasını istəmirəm. İndi Türkiyə-Azərbaycan tandemi qarşısında bir qərara gəlmək üçün ağıllı və düzgün bir şəkildə real birləşmək vaxtıdır. Çünki onlar artıq vahid ordunun yaradılmasından danışırlar. Dövlətimiz, sərhədlərimiz təhlükə altındadır. Azərbaycan hər gün bütün yazılı və şifahi razılaşmaları pozur. Gəlin bu iclasdan sonra, təcili toplantı çağıraq, bu vacib məsələni müzakirə edək”, deyə o bildirib.
Hakim “Mənim addımım” fraksiyasından deputatı Nazeli Baqdasaryansa Ermənistanın öz ərazi bütövlüyü məsələsində kompramisə getməyə imkanı olmadığını bildirib.
Yeni parlamentin ilk iclası avqustun 2-nə təyin edilib. Həmin iclasda ilk növbədə parlamentin rəhbərliyi-sədr və onun müavinləri seçilməlidir.
Son günlər Azərbaycanla Ermənistan sərhədinin şimal-şərqində atışmalar, itki və xəsarətlər olması barədə məlumatlar gəlir.
Tərəflər bir-birlərini atəşkəs rejimini pozmaqda-təxribatçılıqda günahlandırır.
Ermənistan tərəfi Azərbaycan hərbçilərinin onun ərazisinə girdiklərini və mövqe tutduqlarını iddia edir.
Azərbaycan isə bu iddiaları rədd edir. Rəsmi Bakı dəfələrlə bildirib ki, Azərbaycan 44 günlük müharibədən sonra özünün ərazi bütövlüyünü-Sovet dönəmindəki qanuni sərhədlərini bərpa edir.