İyulun 1-də Düşənbə şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament Assambleyası Şurasının görüşü keçirilib. Görüşdə KTMT-də tərəfdaş ölkələr institutunun yaradılması ilə bağlı qərar qəbul edilib. Rusiya Dövlət Dumasının Avrasiya inteqrasiya məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov bildirib ki, Azərbaycan KTMT yanında müşahidəçi statusu almaq üçün çoxdan öz arzusunu bildirib.
Bəs görəsən, Azərbaycanın bu təşkilata üzv olması nə qədər realdır və Azərbaycan üzv olacağı təqdirdə ölkəni nələr gözləyir?
Siyasi şərhçi Azər Qasımlı deyir ki, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə deyib ki, Azərbaycan Qoşulmayanlar Hərəkatına üzv olduğu üçün, hər hansısa bir hərbi blokda iştirak etməyəcək. Onun sözlərinə görə, hətta Azərbaycanda Türkiyənin hərbi bazalarının yerləşdirilməsi məsələsi olanda da Azərbaycan iqtidarının nümayəndələri bəyan etdilər ki, Azərbaycan Qoşulmayanlar Hərəkatına üzv olduğu üçün heç bir ölkənin hərbi bazası Azərbaycanda yerləşdirilməyəcək.
"Ancaq buna baxmayaraq, Rusiyanın hərbi kontingenti bu gün Azərbaycan ərazisindədir. İndi deyirlər ki, hərbi baza ola bilməz. Ancaq biz bilirik ki, Azərbaycan hökuməti Rusiya ilə razılaşıb müharibə yolu ilə torpaqların bir hissəsini qaytardı və bunun müqabilində də Rusiya hərbi kontingenti Qarabağa yerləşdirildi. Bu əvvəlcədən danışılmış bir məsələ idi. Mən düşünürəm ki, ola bilsin təkcə bu razılaşma olmayıb, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) hansısa formada iştirakı da razılaşdırılıb. İndi də yeni status əlavə edirlər ki, üzv olmayan ölkələr təşkilatda hansısa formada iştirak edə bilsinlər. Böyük ehtimalla bunu Azərbaycanın yolun açmaq üçün edirlər. Mən düşünürəm ki, Azərbaycan üzv olmasa da, müşahidəçi qismində orda iştirak edəcək və bu qərar müharibədən əvvəl verilib", - deyə Azər Qasımlı bildirib.
Siyasi şərhçi deyir ki, bütün bunlara baxmayaraq, həyatın da öz reallıqları var.
Onun sözlərinə görə, Türkiyə amili də var. Türkiyə NATO-nun üzvüdür və Azərbaycanla müttəfiqdir. Azərbaycan o təşkilatda iştirak etsə, Türkiyə ilə müttəfiqlikdən də imtina etmiş olacaq.
"Bununla bərabər, Azərbaycan o təşkilata getməklə Qərblə əlaqələri qismən kəsmiş olacaq. Artıq bizə gələcəkdə müttəfiq oluna biləcək ölkə kimi baxmayacaqlar. Bizi Rusiyanın maraqlarına xidmət edən ölkə kimi qəbul edəcəklər və bizim Belarusdan heç bir fərqimiz olmayacaq. Azərbaycan iqtidarı bu qərarı verməmişdən əvvəl bunların hamısını düşünməlidir", - deyə siyasi şərhçi Azər Qasımlı bildirib.
Milli təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyir ki, Azərbaycan KTMT üzvü olan Ermənistanla problemləri hələ də qaldığına görə, bu təşkilata üzv ola bilməz. Onun sözlərinə görə, üzv olmaq məsələsi real olmadığına görə, müxtəlif varinatlar üzərində işləyirlər və Azərbaycanın bu təşkilatda iştirakını hansısa formada təmin etmək istəyirlər.
"Bu məsələlərin tez-tez Rusiya tərəfindən qaldırılmasına baxmayaraq, mən inanmıram ki, Azərbaycan bu yaxın vaxtlarda o təşkilatda iştirak etsin. Azəbaycanın KTMT-ya getməsi ölkənin zərərinə ola bilər. Bütün bu avtoritar və totalitar ölkələrin iştirak etdiyi təşkilatlarda Azərbaycanın da iştirak etməsi ölkəyə yaxşı heç nə vəd etmir. Yəni, hətta üzv olmasa belə, hansısa formada bu təşkilatda təmsil olunmaq Azərbaycana lazım deyil. Əgər Ermənistan silahlı qüvvələri Qarabağdan çıxacaqsa və Azərbaycanın Xankəndi üzərində iqtidarı təmin olunacaqsa, müşahidəçi formasında iştirak etmək olar. Amma mən inanmıram ki, Rusiya tezliklə məsələni bu şəkildə həll etsin. Hər şey maraqlar üzərinə qurulub, bizim maraqlarımız nəzərə alınacaqsa, müəyyən addımlar atmaq olar. Amma bizim maraqlarımız nəzərə alınmayacaqsa, bizim orda hansısa formada iştirakımız düzgün deyil", - deyə milli təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib.