9 İyul 2021
Mətni dəyiş
Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varheyinin Cənubi Qafqaz ölkələrinə səfəri ötən cümə günü qəbul edilmiş "Şərq tərəfdaşlığı" ölkələrinə yeni yardım planının təqdimatı məqsədi daşıyıb. Bu barədə Varheyi iyulun 8-də Bakıda keçirdiyi brifinqdə bildirib.
Yeni plan postkovid dövründə region ölkələrinə yardımı nəzərdə tutur və iqtisadi, sosial sahələri əhatə edir. Bu yardım karantinin nəticələrinin aradan qaldırılmasında region ölkələrinə əlavə dəstək olacaq.
"Azərbaycan regionun ən güclü və inkişaf etmiş dövlətidir və pandemiyadan az itkilərlə çıxır. Lakin Azərbaycanın gələcəyi regionun digər dövlətlərinin taleyindən də asılıdır", - o deyib.
"Bizim təkliflərimiz Avropadan investorların cəlb olunmasını və ticarət əlaqələrinin genişləndirilməsini əhatə edir", - Varheyi qeyd edib.
O, münaqişədən sonrakı vəziyyətə toxunaraq deyib ki, Avropa İttifaqı regionda uzunmüddətli sülhə nail olmaq üçün bütün ölkələrə öz xidmətlərini təklif edir.
"Biz Gürcüstanın vasitəçiliyilə əsirlərin və minalanmış ərazilərin xəritələrinin verilməsini alqışlayırıq və Gürcüstanın baş nazirinə təşəkkürümüzü bildiririk. Bu, ilk addımlardır və regionda uzunmüddətli sülh üçün əsasdır", - komissar deyib.
Bakıya səfərindən danışan Avropa komissarı onun yekunlarından məmnunluğunu ifadə edbi. Onun sözlərinə görə, münasibətlərdə "yeni başlanğıc" əldə etmək mümkün olub.