1 İyul 2021
Mətni dəyiş
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə terrorçuluqda ittiham olunan 13 erməni hərbçinin işi üzrə ittiham aktı oxunub.
Prokurorun çıxışından sonra məhkəmə fasilə elan edib.
Daha sonra məhkəmədə təqsirləndirilən şəxslərin ifadələrinin dinlənilməsi planlaşdırılıb.
Bu iş üzrə Ermənistan vətəndaşları Karapetyan Rafik, Qolyan Qurqen, Tadevosyan Qrayr, Maloyan Vaqarşak, Yerqiazaryan Sasun, Vardanyan Arsen, Bexrekyan Vaxaqen, Soqomonyan Setrak, Dilanyan Arman, Martoyan Manuk, Anbardanyan Vels, Mikaelyan Andranik və Qriqoryan Feliks məhkəmə qarşısına çıxarılıb.
İstintaq zamanı bir qrup Ermənistan vətəndaşının 26-27 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçdiyi və Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə döyüş mövqelərini tutduqları müəyyən olunub.
2020-ci il dekabrın 13-nə qədər onlar ictimai təhlükəsizliyin pozulması, əhali arasında panika yaratmaq məqsədilə ölkə ərazisində yerləşən müəssisələrə, habelə ayrı-ayrı şəxslərə silahlı hücumlar, insanların həlak olması və əmlaka böyük ziyan dəyməsi təhlükəsi yaradan partlayışlar, yanğınlar və digər terror əməlləri törədiblər.
Müttəhimlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 228.3 (Qanunsuz olaraq odlu silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 279.2 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (Azərbaycan Respublikasının sərhədini qanunsuz olaraq keçmə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.
Qeyd edək ki, dekabrın ortalarında Ermənistandan Azərbaycana keçən 60-dan çox erməni hərbçi saxlanılıb. Onların bir hissəsi azad edilib, digərlərinin işləri məhkəməyə göndərilib.
Dekabrın ortalarında saxlanılan erməni hərbçilərin 14 və 13 nəfərdən ibarət iki qrupunun işinə də məhkəmədə baxılır.