“Azərbaycan tərəfi bundan öncə də qeyd etmişdi ki, Üçtərəfli komissiyanın işinə erməni tərəfi əngəl törədir. Orada mart ayından bu yana hər hansı bir irəliləyiş yox idi. Halbuki, artıq konkret layihələr təsdiq və tətbiq olunmalı idi”.
Bu sözləri Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət Üçtərəfli komissiyanın işini dayandırması haqqında məlumatlara münasibət bildirərkən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev deyib.
O qeyd edib ki, Üçtərəfli komissiyanın əsas öhdəliyi 10 Noyabr bəyanatının, 9-cu maddəsindən irəli gəlir:
“Burada Naxçıvanla dəhlizin yaradılması, bütün dəhlizlərin açılması qeyd edilmişdi. Ermənistan komissiyanın işindən deyil, 10 noyabr öhdəliyindən qaçır. Belə olan halda təbii ki, Azərbaycanın da öz öhdəliklərindən imtina etmək hüququ var. Əgər bizə lazım olan dəhlizlər açılmırsa, Laçın dəhlizinin fəaliyyəti də sual altına alınacaqdır”.
BMTM sədri hesab edir ki, Ermənistanda seçkiqabağı kampaniya gedir və dəhliz məsələsinin qabardılması onlara ziyan gətirir:
“Paşinyan hökuməti görür ki, dəhliz məsələsi çox qabardılır. Ona görə də yalnız seçkilərdən sonra bu məsələlərə qayıtmağı planlamaq istəyir.
Əgər Ermənistan seçkilərdən sonra da bu məsələyə qayıtmasa, prezident İlham Əliyevin dediyi kimi, biz onları məcbur edəcəyik. Üçtərəfli komissiyanın işində Rusiya tərəfi də iştirak edir və bunda maraqlıdır. Rusiyanın Ermənistana təsir mexanizmləri var, Ermənistan müstəqil siyasət aparmır. Ermənistandakı parlament seçkilərindən sonra bütün məsələlər aydın olacaq”.