17 İyun 2021
Mətni dəyiş
Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan Rusiya Federasiyası müdafiə naziri Sergey Şoyqu ilə telefonla danışaraq, “Ermənistan-Azərbaycan sərhədində vəziyyətin həlli yollarını” müzakirə edib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər həmçinin Ermənistan-Azərbaycan sərhədinin Sünik və Qeqarkunik hissələrində Rusiya sərhədçilərinin yerləşdirilməsi məsələsini müzakirə ediblər.
Arutyunyan bir daha “Azərbaycan hərbiçilərinin Ermənistan ərazilərini tərk etməli olması” barədə məsələni qaldırıb, deyə məlumatda qeyd edilir.
Həmsöhbətlər həmçinin Qarabağdakı Rusiya sülhməramlı kontingentinin işini və digər məsələləri nəzərdən keçiriblər.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədinin Azərbaycanın Kəlbəcər və Laçın rayonları ilə sərhəddə yerləşən Sotk-Xoznavar hissəsində Rusiya sərhədçilərinin yerləşdiriləcəyini bəyan edib.
Qeyd edək ki, Ermənistan hakimiyyəti bu məsələni dəfələrlə Moskva qarşısında qaldırıb.