3 İyun 2021
Mətni dəyiş
Müasir milli ədəbiyyatımızın hekayə ustalarından söz düşəndə ilk sıralarda Elçin Əfəndiyevin adı çəkilir. Xaricdə çap olunan hekayə antalogiyalarında da Elçinin adını Anardan sonra hər zaman ikinci sırada görmüşəm. Lakin mən özüm, artıq adı mifləşmiş olan bu yazıçının əsərlərini sonuncu dəfə ən azı 30 il bundan əvvəl oxumuşam. Kulis.az saytında bu yaxınlarda yayınlanmış bir hekayəsi (“Ağadadaşın kişi sözü”) təsadüfən qarşıma çıxanda, vaxtilə mənim şeirlərimə yazdığı tərifli sözlərə bir qarşılıq olsun deyə xoş məramlı bir şeylər yazmaq məqsədilə oxumağa başladım… Oxumağa başladım, amma tezliklə xəyal qırıqlığına uğradım. Oxuduğum hekayə sadəcə yazı vərdişi olan və yazmağa pataloji həvəsi olan birinin cızmaqarasından başqa bir şey deyildi. Azərbaycanda hekayə janrının görkəmli nümayəndəsinin, xalq yazıçısının nə üçün belə zəif hekayə yazdığını anlamaqda çətinlik çəkirəm.
Elə ilk iki cümlələrdə sovet nəsrinin pis qoxusunu hiss etməmək mümkün deyil: “Sonra kəndə xəbər yayıldı ki, papaqçı Ağadadaşın oğlu Gülbala da əsgər getdi və Gülbala bu kənddən cəbhəyə gedən yeddinci cavan idi. Hələ ki, bu cavanlar pis gözdən irağıydı, hələ ki, salamatçılığıydı, təkcə Çörəkçi Firuzənin nəvəsi Atif qarnından qəlpə yarası almışdı, Bakıda hospitala gətirmişdilər, deyilənə görə vəziyyəti ağır idi və bütün kənd camaatının da duası onunlaydı ki, təki uşağa bir şey olmasın.”
Hekayə bu şəkildə davam edir, səthi və reallığa nüfuz etməyən təsvirlər, “papaqçı Ağadadaşın oğlu”, “çörəkçi Firuzənin nəvəsi” deyə bəhs edərək, yersiz kiçiltmə effektləri, iki cümlədə dörd “ki” bağlayıcısı istər-istəməz gözə batır... Üstəlik təkcə bu iki cümlədə yazıçının kamerası hər yerdədir, bütün kənd camaatının dua etdiyini görür, əsgər gedən cavanları sayır, onların pis gözdən iraq olmasının falına baxır, hətta Atifin harasından qəlpə yarası aldığını da yerli yataqlı çəkib göstərir, hekayənin hər cümləsi, hətta hər probeli onun kontrolundan kənarda deyil. Dolayısıyla, hadisə öz-özünə, təbii şəkildə cərəyan etmir, yazıçı hadisələri daldan itələməkdə, hər abzasda gücənməkdə, əvvəldən öldürdüyü süjet xəttini axıra qədər sürütləməkdədir.
Üçüncü və dördüncü cümlədə bataqlıq bir az da dərinləşir: “Çörəkçi Firuzə hər gün sübh tezdən avtobusa minib, hospitala gedirdi, axşam da avtobusla kəndə qayıdırdı və təndir çörəyi bişirməyə vaxtı olmadığı üçün, kənd camaatı məcbur olurdu ki, çörəyi Cəfərin marketindən alsın. Çörəyə, əlbəttə, pis demək olmaz, çörək çörəkdi, ancaq bir iş vardı ki, Firuzə arvadın təndirə yapıb, bişirdiyi çörəyin dadı ayrı idi”. Yaralı Atifin nənəsi Firuzə şəhərə avtobusla gedibsə avtobusla da qayıtmalıydı, bu təsvirin mənasızlığını qoyuram bir kənara, bu yaşlı qadının bir Bakı kəndini təmin edəcək qədər çörək bişirməsi yalanı hekayənin cəmi 3-cü cümləsində yazıçının nəyinə lazımdır görəsən? Məncə bunun yalnız bir cavabı ola bilər, bu yalan yazıçı diktaturasını daha geniş areala yaymaqdan başqa heç nəyə xidmət etmir. O hər şeyi bilir, hər şeyi görür, hətta qadının avtobusla gedib avtobusla qayıtdığını da güdür, - stalinizmin kiçik bir hekayədəki uzantısıdır nədir, bilmək olmur. Bütün hallarda bu təsvirlər reallığı əks elətdirmir və inandırıcı deyil. Yazıçı Bakı kəndlərinin artıq Baladadaşın zamanındakı kəndlər olmadığını unudur. Birincisi, bu kəndlər indi çox böyüyüb, artıq bir təndirdən çıxan çörəyin bütün kəndə bəs edəcəyi zamanlar çoxdan keçib, ikincisi, indi kəndlərdə artıq hər tində təndir və hər marketdə də kəndir var... “Kənd camaatı məcbur olurdu çörəyi Cəfərin marketindən alsın”, kim məcbur edirdi, əlbəttə ki, hər şeyə göz qoyan bizim yazıçı, başqa kim olacaq? Bəs, kənd camaatı məcbur olmayanda Cəfər çörəklərini kimə satırdı?
Zamanlamanın düzgün olmaması hekayənin ən böyük qüsurlarındandır. Yazıçı ətrafında baş verən dəyişiklikləri görmür, görə bilmir, sanki öz kiçik eqosu daxilində zaman küləyinin toxunmadığı dərinliklərdə yuva qurub, baş verənlərdən xəbərsizdir. Hətta Azərbaycan nəsrində təsvir vasitələrinin çoxdan dəyişdiyinin, artıq ucuz romantikanın işləmədiyinin fərqində deyil, çörəyə pis demək olmazmış, çünki çörək çörəkdi, Firuzə arvadın təndirə yapıb, bişirdiyi çörəyin dadı da ayrı cür imiş... Səthidir, həyat materiyasına nüfuz etməməkdədir. Yalnız ədəbiyyat duyumu olmayan bir qrafoman bu cür təsvirlərə yol verə bilər, Elçin müəllim deyil. (Bəlkə də hekayəni özü yazmayıb və ya kimsə mətni dəyişdirib, xəbəri olmayıb). Sonrakı təsvirlərdə terminator Firuzə xalanın generala, yavərinə və sürücüsünə 15 çörək pay qoyduğunu oxuyuruq: “General maşına minəndə məlum oldu ki, Çörəkçi Firuzə beş dənə təndir çörəyini Generala, beş dənəsini yavərə, beş dənəsini də sürücüyə pay gətirib, maşına qoyub və Generalın belə şeyləri qətiyyən xoşlamadığını yaxşı bilən sürücü sükan arxasına keçməzdən əvvəl ona baxdı ki, nə etsin, ancaq General bu dəfə bir söz demədi, gülümsədi, sürücü də arxayın olub, sükan arxasına keçdi” – Firuzə arvad nə od-yalov imiş, bütün kəndi çörəklə təmin etmək bir yana, hələ Generala da 15 çörək pay qoysun. Ən yumşaq ifadəylə desək, inandırıcı deyil. Üstəlik, generalın “belə şeylərdən xoşlanmaması” necə də ürəkbulandıran bir məsumiyyətdir. Bunlar azmış kimi, hörmətli xalq yazıçısı sonrakı səhifələrdə yazıq Firuzə xalanı istismar etməkdən əl çəkmir: “Çörəkçi Firuzə xala da günün birinci yarısı hospitalda Atifə baş çəkməyə gedirdi, günün ikinci yarısında isə yenə çörək bişirirdi”.
Gələk 4-cü və 5-ci cümləyə: “Dəniz kənarındakı bu Abşeron kəndinin qumu da, ənciri, ağ şanısı kimi məşhur idi və elə ki, yazın axırları gəlirdi, yay başlayırdı, məktəblər tətilə bağlanırdı, necə ki, qışdan sonrakı alça, ərik ağacları çiçəkləyirdi, püstə, badam, innab, muşmula oyanıb, adamın üzünə gülürdü, bu kənd də eləcə canlanırdı. Məsələ burasındaydı ki, Bakı sakinlərindən kimin burda bağı varıydısa, bağa köçürdü, bağı olmayan ailəlikcə istirahətə gəlib, ev kirayələyirdi və Bakıdan bura cəmi-cümlətanı 45 kilometrlik yol idi”. Yalnız yeni başlayan təcrübəsiz yazarlar belə bəsit cümlələr qura bilər, “qum”u “əncir” və “ağ şanı” ilə cümlənin həmcins üzvləri sırasında verər, iki cümlədə 3 dəfə “ki” bağlayıcısı işlədər (ümumən, 5 səhifəlik hekayədə 67 “ki” bağlayıcısı var), məsələ olmayan yerdə “məsələ burasındadır ki” deyib mətndə süni dinamika yaradar, püstə-badamın üzə gülməyindən başlayıb Bakı ilə kənd arasındakı məsafənin 45 kilometr olduğunu göstərər, lakin bu “dəqiqliyə” baxmayaraq kəndin adı çəkilməz, sadəcə “bu Abşeron kəndi” deyib yayğın bir mənzərə yaradar, bir cümlədəcə yazın axırından başlayıb birdən qışın sonlarına keçər. Təsvirlər tamamən tutarsızdır, həqiqilik yükü sıfıra bərabərdir, hətta hekayə yazıçının ənənəvi romantik üslubunun izlərindən də məhrumdur. Məsələn götürək elə bu ifadəni? “Bakı sakinlərindən kimin burda bağı varıydısa, bağa köçürdü, bağı olmayan ailəlikcə istirahətə gəlib, ev kirayələyirdi”- burada təsvir olunan hadisənin gerçəklik müddəti ən azı 50 il bundan əvvəl sona çatıb. Yəni, təqribən 70-ci illərdə, bəli, Bakı kəndlərindəki bağlar “Bakı sakinlərinin” idi, indi Bakının da, ətrafındakı kəndlərin də əhalisi haqqında belə ifadə işlətmək, onu yekcins bir əhali qrupu kimi “Bakı sakinləri” deyə təqdim etmək yazıçının pəncərə arxasındakı həyatdan xəbərsiz olduğunu göstərməkdədir. Haradadır o bağı olmadığına görə ailəlikcə istirahətə gəlib dəniz kənarında ev kirayələyən Bakı sakinləri? Zənnimcə yazıçı bu suala cavab verə bilməz. Nə 60-70-ci illərin o Bakı sakinləri var, nə də Bakı kəndlərində bağı olmayan kasıb təbəqənin ailəlikcə istirahət edə biləcəyi ucuz evlər… Heç Elçin müəllimin vaxtı keçmiş ucuz romantikasına uyan dar dünyagörüşlü oxucular da qalmayıb artıq…
Hekayə boyunca hadisələrin sovet dövründə cərəyan etmədiyini göstərməkdən ötrü sönük cəhdlər edilib, məsələn, “ancaq birdən-birə bu COVİD-19 pandemiyası ki, başladı, hər şey dəyişdi” kimi gündəm mövzularına toxunulub, lakin yazıçının həm mövzu, həm təsvir, həm də ideya baxımından özünü heç bir şəkildə yeniləmədiyi, köhnə dövrdə qaldığı az qala hər cümlədə hiss olunur: “Adama elə gəlirdi ki, dənizin səsi də əvvəlki deyildi, elə bil, COVİD-19 dənizi də əməlli-başlı darıxdırmışdı və dənizin səsi tənhalığından şikayət edirdi – hər halda təkcə bu kənddə deyil, Abşeronun başqa kəndlərində də yaxşı tanınan şair və meyxanaçı Balaəmi Əhsən belə hiss edirdi, bu barədə gözəl bir qəzəl də yazmışdı” – daha bir ruhsuz və uydurma təsvir. Onsuz da adların çoxluğundan əziyyət çəkən bu qısa hekayədə həmin bu Balaəmi obrazı bir daha xatırlanmır, onun “qəzəli” də beləcə havada qalır. “Gözəl bir qəzəl” nə deməkdir, hələ bunu soruşmuram. (Ümumən, Elçinin qəhrəmanlarının adları da ən azı 70-ci illərdə qalıb, yazıçı nə özünü, nə də qəhrəmanlarını refreş edib - Ağadadaş, Balaəmi, Gülbala, Zübeydə, Səriyyə). Xalq yazıçısına yaraşmayan daha bir cümlə: “Qarabağ kəndləri, qəsəbələri, rayon mərkəzləri gündən-günə azad edildikcə, kənd camaatının sevinc hissi, elə bil, o həyəcana dalğa-dalğa gözəl bir coşqunluq yayıb, kəndin bütün ab-havasını dəyişirdi” – “həyəcana dalğa-dalğa gözəl bir coşqunluq yaymaq” necə olur və düz yerdə oynaqlamaq nəyə lazımdır? – bunu başa düşmək olmur.
Həcmcə çox da böyük olmayan hekayə bu cür barmaqdan sorma ifadələrlə zəngindir: “Öz musiqiçilər dəstəsi ilə yaxın-uzaq Abşeron kəndlərindəki toyların bir çoxunu idarə edən, məşhur klarnet ustası Cəbrayıl…” – “kalrnetçalan” nədənsə “klarnet ustası” olub, görünür Elçin müəllim anlayışına görə “çalmaq” feli hekayədə işlənə bilməz, lakin “klarnet ustası” ifadəsi də klarnet alətini düzəldənə deyirlər. Başqa bir məqam, “yaxın-uzaq Abşeron kəndlərindəki toyların bir çoxunu” idarə etmək ikiqat qeyri-konkret ifadə olaraq reallığı əks elətdirə bilməz, sanki, belə demək olarsa, yazıçının beyin sügəcindən keçmədən düşüb hekayənin içinə. Çünki bu klarnetçalan Cəbrayıl allahın yerə göndərdiyi həmin o Cəbrayıl da olsa müasir Abşeron kəndlərindəki toyların bir çoxunda çala bilməz, buna inanmaqdan ötrü yenə də 60-cı illərə qayıtmaq lazım gələrdi, çünki bu günün Abşeron kəndlərinin mənzərəsi, Elçin müəllimin öz ifadəsi ilə desək, bir ayrı cürədir, ona görə ki, respublikanın tən yarıcı Abşeron kəndlərində məskunlaşıb. Hələ dalı var. Həmin bu Cəbrayıl “müharibə başlayan gündən ikinci mərtəbədəki balkonunda xüsusi olaraq mikrofon quraşdırmışdı və cəbhədən gələn hər gözəl xəbərdən sonra balkona çıxıb, gözəl də havalardan birini elə bir şövq ilə çaldığı (çaldığı – müəllifin sözüdür, nəyin bahasına olursa olsun “çalırdı” felini işlətək istəmir) ki, klarnetin səsi, elə bil, öz-özünə canlanmış dənizin səsinə qarışıb, bütün kəndə yayılırdı”. Yenə də lüzumsuz təfərrüat: guya klarnetin səsi “öz-özünə canlanmış dənizin səsinə qarışıb” kəndə yayılırdı, yazıçı nəsə demək istəyib, ancaq alındıra bilməyib. Təkcə bu cümlədə deyil, ümumən hekayə boyunca səbəbiyyət əlaqələri pozulub, koqnitiv dissonans özünü hər yerdə göstərir, mətləbə dəxli olmayan mazoklar n qədərdir. Üstəlik, bir az sonra yazıçının hafizə problem özünü göstərib, “klarnet ustası Cəbrayıl” dönüb olur “klarnet ustası Şakir”: “General ki, hələ gün batmamış klarnet ustası Şakirgilin balkonunda oturub, pürrəngi çay içirdi” – maraqlıdır ki, hekayə redaktə olunmayıb, hərf səhvlərinə belə toxunmadan oxucuya təqdim olunub.
“Gülbala Zübeydə ilə Papaqçı Ağadadaşın yeganə oğlu idi – yeganə oğlu deyəndə ki, ümumiyyətlə, onların yeganə övladı idi və Gülbala cəbhəyə gedəndən sonra Ağadadaş uşağın nigarançılığından özünə yer tapa bilməyən Zübeydəyə təskinlik verməklə məşğul idi, özü isə içində arvadından da betər nigarançılıq çəkirdi. Elə həmin vaxt da Ağadadaş gecə yuxuya getməzdən əvvəl əhd etdi, özü özünə kişi sözü verdi ki, inşallah, Gülbala sağ-salamat qayıtsın, kənddə kim istəsə onun üçün müftə papaq tikəcək.” – Bu epizodda Papaqçı Ağadadaşın arvadı Zübeydə heç bir səbəb olmadan səhnəyə çıxır və birdəfəlik yox olur, sonrakı təsvirlərdə onu bir daha görmürük. Lakin, bu önəmli deyil, zatən hekayə başdan-ayağa xaricdir, hekayənin əsas ideyası bu abzasda ifadə olunub: “…Ağadadaş gecə yuxuya getməzdən əvvəl əhd etdi, özü özünə kişi sözü verdi ki, inşallah, Gülbala sağ-salamat qayıtsın, kənddə kim istəsə onun üçün müftə papaq tikəcək”. Əvvəldə deyilmiş bir yalan öz ardıyca sonsuz yalan vaqonlarını gətirdiyi kimi, yazıçı həyatla, reallıqla əlaqəsi olmayan, öz aləmində romantik ideyanı oxucuya sırımaqdan ötrü bir sürü qondarma təfərrüata meydan açır.
Elçin (öz aləmində) hekayəsini sadə, zəhmətkeş bir insanın fədakarlığı üzərində qurub, bununla oxucuda ürək yanğısı oyandırmaq istəyib – kasıb bir papaqçı kənddə kim istəsə ona müftə papaq tikəcək, bu işdən qazanc güdməyəcək. Deyim ki, o qədər də güclü ideya deyil, bəlkə uşaq başı aldatmağa yetərli ola bilər, lakin buna göz yumub baxaq görək yazıçı ideyanın texniki həllini nə cürə verib. Birmincisi, hekayəni oxuyarkən, istər-istəməz Bakı kəndlərindəki papaqçılıq sənətinin bu günkü mənzərəsini gözlərin önündə canlandırmaq istəyirsən. Təqribən 60-cı illərdə, Elçin müəllimin cavanlıq illərində, ola bilər, Bakı kəndlərində papaqçılıq aktual bir sənət olub, həqiqətən papaqçı dükanlarının qarşısında növbələr varmış (1.“Ağadadaşın dükanının qabağına üç-dörd yeniyetmə”nin kepka tikdirmək üçün növbəyə durması səhnəsi, 2.“kənd cavanları arasında xəbər yayıldı ki, Papaqçı Ağadadaş hamı üçün müftə papaq tikir və cavanlar, xüsusən də yeniyetmələr kepka üçün növbəyə düzüldülər”), və Bakıdan gəlib bir papaqqçıya sifariş verirlərmiş (“Bakının özündən də müştərilər gəlib, Ağadadaşa papaq sifariş edirdilər, o cümlədən bir xeyli tanınmış din xadimlərinin, məşhur xanəndələrin çal papağını da, Dövlət Filarmoniyasınının rəqqasları üçün motal papağı da o, tikmişdi”), lakin bu gün papaqçılıq sənətinin burada təsvir olunanlar səviyyəsində aktuallıağı inandırıcı deyil: “…Ağadadaş öz sənətinin böyük sənətkarı idi, çal papaqdan tutmuş, qulaqlı papağa, cürbəcür kepkalara qədər nə ki, kişi baş geyimi var idi hamısını ən yüksək səviyyədə tikirdi və nə tikirdisə, hər biri onun yaratdığı sənət əsəri idi. Təkcə şlyapa tikmirdi – nəinki kənddə, heç Bakının özündə də daha şlyapa qoyan yox idi” – oxucu, heç olmasa papaqçılıq sənəti haqqında etnoqrafik bir məlumata rast gəlsə yazıçının o biri tutarsızlıqlarına göz yumardı, deyə düşünürəm, lakin səthi, başdansovdu “yüksək səviyyədə tikirdi və nə tikirdisə, hər biri onun yaratdığı sənət əsəri idi” deyib yola verdiyini, yalanı daha həqiqi bir təsvirlə örtdüyünü deyil, əksinə başqa bir ağ yalanla basdırdığını görürük: “Bu da mat qalmalı bir iş idi ki, televizorda başına papaq qoymuş kimsə görünəndə və o adamı tanıyıb-tanımamağından asılı olmayaraq, Ağadadaş o saat özünün tikdiyi papağı tanıyırdı…” Şişirtmələr, miqdar saylarına güc vermək yoluyla effekt yaratmaq kimi ucuz təsvir elementləri iki cümlədən bir qarşımıza çıxır, gah çörəkçi Firuzə 15 çörək pay verir, gah da Ağadadaş 6 çal papaq tikib, ağsaqqalara göndərir: “Kəndin başqa ağsaqqalları da, əlbəttə, özləri durub, gəlib, müftə papaq tikdirməyəcəkdilər, onsuz da onların hamısının başının ölçüsü Ağadadaşın dəftərçəsində səliqə-səhmanla bir-bir yazılmışdı və Ağadadaş daha altı çal papaq tikib, ağsaqqalara göndərdi”. Sadəcə, inandırıcı deyil. Bu cümləyə isə yazıçı gopologiyasının pik nöqtəsi deyə bilərik: “Həmin Vətən müharibəsi gedən vaxt ki, birdən gecənin yarısı Şakirin klarnetinin səsi qəflətən zilə qalxıb, bütün kəndə yayıldı, onda məlum oldu ki, müharibə qələbə ilə sona çatıb, torpaqlar azad edilib”. Xalq yazıçısı Elçin Əfəndiyevin dünyasında hələ cib telefonları kəşf edilməyib, onun təsvir etdiyi kəndə, nəyə görəsə vatsap, ayfon, mesencer, teleqram girməyib, kənd camaatı qalıb Cəbrayılın-Şakirin klarnetinin umuduna, Şakir klarnet çalacaq və müharibənin qələbə ilə sona çatdığı kənd əhalisinə məlum olacaq. Haqqında danışılan müharibənin insanlara verdiyi hiss və həyəcanı bu qədər ucuzlaşdırmaq nəyə lazım idi görəsən?
Hekayədə yamaq kimi görünən, onsuz da zəif olan hadisələrin tempini biraz da aşağı salan və hekayənin bayağılıq dozunu artıran bir personaj daha var, o da çox güman Elçin müəllimin özünün prototipi olan General obrazıdır. Generalın kəndə gəlməsinin, papaqçı Ağadadaşla, çörəkçi Firuzə ilə, “klarnet ustası” Şakirlə nə üçün görüşdüyünün bir izahını tapa bilmirsən. Məncə bunun bir açıqlaması ola bilər, artıq yüksək dövlət qulluğundan uzaqlaşmış hörmətli Elçin müəllim heç olmasa bu hekayəcikdəsə öz hakimiyyətini uzatmaq, hazır əlini bulamışkən filmdə özünə də bir rol vermək istəyib. Bəzi tədqiqatçılar qrafomaniyanın əsas səbəblərindən biri kimi yetərsizlik kompleksinin hiperkompensasiyasını göstərirlər. Elçin müəllimə qrafoman deməyə dilim gəlmir, amma təxmin edirəm, General obrazının hekayəyə salınması yetərsizlik kompleksindən irəli gəlib (əslində hekayənin sublimativ mahiyyəti burada üzə çıxıb, vəzifədən uzaqlaşmış yazıçı özünün yaltaqlar ordusunu itirib, indi çarə qalıb hekayələrində bu boşluğu oldurmağa). General kəndin ortasında boş-boşuna gəzir, camaat onu hörmətlə salamlayır, çörəkçi Firuzə 15 ədəd çörək pay qoyur və s.: “Gülbala qayıdandan bir neçə gün sonra birdən kəndə hay düşdü ki, General gəlib, maşını da həmişəki kimi, məktəbin qabağındakı meydançada saxlatdırıb və cavanlar, yeniyetmələr də həmişəki kimi, meydançaya axışıb, Generalın başına yığışdı. General bu kənddə anadan olub, burada böyüyüb boya-başa çatmışdı, orta məktəbi burda bitirmişdi, sonra ailəlikcə Bakıya köçmüşdülər, ancaq bu kəndin doğmalığı və buranın camaatına hörmət-izzəti həmişəlik onunun ürəyində idi və aydın məsələdir ki, böyükdən-kiçiyə bütün kənd camaatı da onunla fəxr edirdi.”
Hekayədə yamaq kimi görünən, əsla inandırıcı olmayan sevgi hadisəsi sanıram yazıçının növbəti uğursuzluğudur. Nisə və Səriyyənin süni dialoqları, biri-birinə Bakı kəndlərinə xas olmayan “ayzə” deməsi, kompleksli davranışları hekayəyə yeni bir kolorit gətirməməkdədir: “Ayzə, istəyirsən sən də Gülbalaya bir məktub yaz , aparıb verim ona, hə” – bunu Nisənin rəfiqəsi Səriyyə deyir. (Və bu Səriyyə oxucuya Azərbaycan ədəbiyyatının Qara Dəftərinə yazılacaq bir cümləylə təqdim olunur: “Səriyyə Ağakərimin ki, pandemiyaya görə kababxanası kasadlamışdı, yeddinci qızı idi və özündən böyük altı bacısının altısı da bir-bir gözəl ailə qurmuşdular”) Yenə də, yazıçı bizi sevgililərin biri-birinə sevgi məktubları yazdığı 60-cı illərə aparır. Kimsənin kimsəyə məktub yazmadığı indiki zamanda Elçinin qəhrəmanları hələ də bu arxaik vasitədən istifadə edir: “Dünya nemətləri adlı kənd marketinin sahibi və satıcısı Cəfərin oğlu Həmid çimərlikdə Anjel adında bir fransız qızı ilə tanış olmuşdu, indi o qızla evlənib, Fransada yaşayırdı və Parisdən kəndə ayda, yalan olmasın, azı üç-dörd məktub göndərirdi”. Nə qədər “yalan olmasın” desə də oxucunu bunun bir yalan olmadığına inandırmaq çətindir.
Bir sözlə, bu hekayə ustad yazıçının imkanlarının çox çox altındadır. Ola bilər, onun yazılması əhvalının yaxşı olmadığı bir saata dəng gəlib – yaşlı adamların düşüncələrini ağ vərəq üzərində toplaması o qədər də asan deyil, - belə durumlarda, məncə, yazmamaq ən yaxşısıdır. Sanıram, Elçinin bu günə qədər yazdıqları onun ədəbiyyat tarixinə düşməsi üçün yetərlidir. Bundan sonar heç nə yazmasa da olar. Və, belə məqamlarda, yazmamağın özü də bir mədəniyyətdir və xalqa xidmətdir.