Parlamentin sabiq deputatı Hüseyn Abdullayev barəsində BMT-nin Qanunsuz həbslərlə bağlı İşçi Qrupunun qərarı icra edilmir. Bu barədə onun vəkili Cavad Cavadov bildirib.
2020-ci ilin avqustunda BMT-nin Qanunsuz həbslərlə bağlı İşçi Qrupu Abdullayevin dərhal azad edilməsi barədə qərar verib. O, 18 ay istintaq təcridxanasında təkadamlıq kamerada saxlanılıb və ailə üzvləri ilə görüş və telefon danışığı imkanından məhrum edilib.
Həmçinin sabiq deputatın hüquqlarına riayət olunması tələbi ilə keçirdiyi aclıq aksiyası sağlamlığını korlayıb. Belə ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində Abdullayevə üçüncü dərəcəli hipertoniya, asteno-nevrotik vəziyyət, babasil, prostat vəzin adenoması diaqnozu qoyulub.
Həbsxanada bu xəstəliklərin müalicəsi mümkün olmadığına görə Abdullayevin ölüm riski böyükdür, deyə vəkil qeyd edir.
O, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin Abdullayevin şərti cəzaya məhkum edilməsi barədə 18 may 2007-ci il tarixli hökmündən verilmiş şikayət üzrə qərarının icra edilmədiyini qeyd edib. Bu hökm Hərbi Məhkəmənin 1 oktyabr 2019-cu il tarixli qərarı ilə verilmiş ikinci cəza ilə birləşdirilib.
Vəkil hakimiyyəti bu qərarları icra etməyə və Abdullayevi azad etməyə çağırıb.
Əslən Naxçıvan bölgəsindən olan Hüseyn Abdullayev 1990-cı illərdə neft və neft məhsulları üzrə biznes sahəsində qabaqcıl mövqelər tutub. Onun əlaltıları müxalifətin etirazlarının dağıdılmasında iştirak ediblər.
2005-ci ildə Abdullayev parlamentin deputatı kimi fəaliyyətə başlayıb və Nazirlər Kabinetinin fəaliyyətini tənqid edib. 2007-ci ildə parlamentin iclasında hakimiyyətyönümlü deputat Fəzail Ağamalı Abdullayevi davaya təhrik edib. Amma təkcə Abdullayev cəzalandırılıb. O, əvvəlcə həbs edilib, daha sonra xuliqanlığa görə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü ildə o, Azərbaycandan mühacirət edib. Bir müddət sonra ona qarşı vergi ittihamı ilə cinayət işi açılıb.
Almaniyada yaşayarkən Abdullayev kütləvi etirazlara çağırış yer alan bir sıra mahnılar bəstələyib və sosial şəbəkədə yayıb. 2018-ci il aprelin 22-də o, Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya edilib. Bakıda o, Cinayət Məcəlləsinin 192.2.2 (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 178.2.1 (fırıldaqçılıq), 178.2.2, 178.2.4 (fırıldaqçılıq), 182.2.1 (əvvəlcədən əlbir olmuş şəxslər tərəfindən hədələmə yolu ilə pul tələb etmə), 182.2.2 (eyni əməllər təkrarən törədildikdə) və 182.2.4-cü (eyni əməllər, zərərçəkmişə böyük ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilib. Bundan sonra o, 6 il müddətinə azadlıqdan məhrum edilib.