11 İyun 2021
Mətni dəyiş
“ABŞ səfərindən sonra Azərbaycana, Füzuliyə gedəcəyik. Oradan da qardaşım İlham Əliyevlə Şuşada görüşəcəyik”.
“Hurriyet” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məscid açılışında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“İki ölkə olaraq müqavilə imzalayacağıq. Bu, hərtərəfli müqavilə olacaq. Milli oyunu birlikdə izləyəcəyik”, - deyə Ərdoğan əlavə edib.
Türkiyə Prezidenti həmçinin bildirib ki, NATO sammiti çərçivəsində edəcəyi ikitərəfli görüşlərdə Qarabağda minalanmış ərazilərlə bağlı məsələni gündəmə gətirəcək.
“NATO sammitində erməni məsələsi müzakirə ediləcəkmi?”, - sualına Türkiyə Prezidenti belə cavab verib: “Oradakı ikitərəfli görüşlərdə Ermənistan məsələsi gündəmə gəldikdə, bunların hamısını müzakirə edəcəyik. Minalar mövzusunda məsələ ilə əlaqəli olanlara deyəcəyik ki, əvvəlcə bu məsələni həll edək”.
Qeyd edək ki, NATO sammiti iyunun 14-də Brüsseldə keçiriləcək. Sammit 2,5 saatlıq bir iş sessiyasından ibarət olacaq ki, bu da son 20 ildə NATO-nun ən az davam edən tədbiri kimi tarixə düşəcək. Alyansın zirvə görüşləri adətən iki gün davam edir və bir neçə saat davam edən üç-dörd iş sessiyasından ibarət olur. Buna bənzər qısa bir zirvə 2002-ci ildə İtaliya Hərbi Hava Qüvvələrinin bazasında reallaşıb.
Onu da əlavə edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “AVRO- 2020” çempionatı çərçivəsində baş tutacaq Türkiyə-Uels matçını Azərbaycanda izləyəcək. Matç iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək.