2 İyun 2021
Mətni dəyiş
İyunun 2-də Biləcəri qəsəbəsində Birinci Qarabağ müharibəsində sağlamlığını itirən Məhəmmədəli Hacıyevin özünü yandırmağa cəhd etdiyi bildirilir.
M.Hacıyevin yaxınları "Turan"a bildirib ki, o, 1-ci qrup əlildir və qəsəbədə açdığı kiçik bir köşkdə meyvə-tərəvəz satmaqla ailəsini dolandırıb: "Bu gün, iyunun 2-də isə rayon icra hakimiyyətinin nümayəndələri və polislər gələrək orada meyvə-tərəvəzi sata bilməyəcəyini, obyekti qanunsuz işlətdiyini deyiblər. Nəticədə isə Məhəmmədəli özünə benzin tökərək yandırdı".
M.Hacıyevin yaxınları qeyd edib ki, o, 5 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb, vəziyyəti ağırdır.
Binəqədi Rayon İcra hakimiyyətindən bildirilib ki, məsələ araşdırılacaq, əlavə məlumat veriləcək. Hələlik, xəstəxana ilə isə danışmaq mümkün olmayıb.
DİN Mətbuat Xidmətindən isə bildirilib ki, qəsəbə ərazisində piyadaların hərəkət hissəsində yolu zəbt edərək, qanunsuz quraşdırılan küçə ticarəti piştaxtası yığışdırılan zaman Məhəmmədəli Hacıyev özünü yandırmağa cəhd edib. Bu cəhdin qarşısı alınaraq, o, dərhal yüngül yanıq xəsarətilə müvafiq xəstəxanaya çatdırılıb:
"Bu, onun birinci əməli deyil, dəfələrlə əlillik adından sui-istifadə edərək, belə hərəkətlərə cəhdlər göstərib", deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, Azərbaycanda bundan əvvəlki illərdə də keçmiş döyüşçülərin oxşar şikayətlər üzündən canına qəsd etdiyi bildirilir. Buna baxmayaraq, rəsmilər ölkədə Qarabağ müharibəsində sağlamlığını itirən şəxslərə və ya həlak olanların ailələrinə hər cür dövlət qayğısının olduğunu deyirlər.