3 İyun 2021
Mətni dəyiş
İyunun 2-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, söhbət zamanı Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub:
"Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra regionda təhlükəsizlik və sabitliyin təmin olunması məsələləri müzakirə olundu".
Açıqlamaya görə, Şarl Mişel Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası, demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olduğunu bildirib:
"Şarl Mişel hər iki tərəfi saxlanılan şəxslər, tam şəffaflıq şəraitində mina və digər humanitar məsələlər üzrə əməkdaşlıq etməyə çağırdı".
Məlumata görə, Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması üçün danışıqlara başlamağa hazır olduğunu qeyd edib, lakin Ermənistanın hələ də bu çağırışa cavab vermədiyini bildirib.
Qeyd edildiyinə görə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də hər iki tərəfi konstruktiv mühitdə danışıqlar aparmağa çağırıb:
"Telefon söhbəti zamanı hər iki tərəf Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsində maraqlı olduqlarını bildirdi. Həmçinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının əhəmiyyəti vurğulandı və bu xüsusda qarşıdakı sammit ilə bağlı fikir mübadiləsi aparıldı"