15 İyun 2021
Mətni dəyiş
"Azərbaycanda qadınlar zorakılıq, qısnama, pis rəftar olmadan yaşamaq hüququna malikdirlər. Ölkədə məişət zorakılığı davamlı olaraq qadınlara qarşı bütün növ şiddətlə mübarizənin əsas prinsipini ciddi şəkildə sarsıdır".
Bu barədə Norveç Helsinki Komitəsinin yaydığı hesabatda deyilir.
Məlumatda qeyd edilir ki, ailə zorakılığı ilə üzləşənlər sui-istifadədən qaçmaq, ədalət axtarmaq və həyatlarını bərpa etmək üçün hər addımda qoruma və dəstəyə ehtiyac duyurlar.
Təşkilat qeyd edir ki, Azərbaycan qanunvericiliyindəki boşluqlar, qeyri-adekvat hüquqi qoruma və məişət zorakılığına hüquqi reaksiya qadınların, demək olar, mühafizəsiz qalması deməkdir.
"Azərbaycan qanunvericiliyində mövcud olan boşluqlar, məişət zorakılığına qarşı qeyri-qanuni icraat, məhkəmə reaksiyaları və xidmətlərin keyfiyyətsiz olması çox vaxt qadınları az qoruyur. Azərbaycan hökuməti vəziyyəti dəyişdirmək üçün hərəkət etməsə, qadınların həyatını risk altına qoymağa davam edəcək".
Hesabatda Azərbaycan hökuməti məişət zorakılığı üzrə beynəlxalq öhdəliklərini yerinə yetirmək üçün təcili tədbirlər görməyə çağrılır.
Təşkilat hesab edir ki, Azərbaycan hökuməti İstanbul Konvensiyasını dərhal imzalayaraq həlledici bir addım atmalıdır.
Sənədin 2020-ci ildə Azərbaycanın aparıcı fəalları ilə əməkdaşlıq əsasında hazırlandığı qeyd olunur.
Öz növbəsində, Azərbaycanın qanunvericiliyində və siyasi-sosial həyatda qadınların kişilərlə bərabər hüquqları var. Hökumətdə, parlamentdə qadınlar təmsil olunur. Ötən ilin noyabrında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün milli fəaliyyət planı təsdiqlənib.
Azərbaycan hakimiyyəti ölkədə insan haqlarının vəziyyətinə dair indiyədək səslənən tənqidləri, bir qayda olaraq, rədd edir. Hakimiyyət təmsilçiləri Azərbaycanda bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir, beynəlxalq insan haqları təşkilatlarını qərəzli olmaqda günahlandırır.