İyunun 14-də Yasamal Rayon Məhkəməsi Qarabağda döyüşlərdə muzdlu kimi ermənilərin tərəfində döyüşmüş Livan vətəndaşı Eulcekciyan Vigen Abraham barəsində hökmü elan edib. Məhkəmə onu cəzasının ilk beş ilini qapalı həbsxanada, qalan müddəti isə koloniyada çəkməklə 20 il müddətinə azadlıqdan məhrum edib.
İttiham materiallarına əsasən, 29 sentyabr 2020-ci il tarixində Eulcekciyan Vigen Abraham (Livan vətəndaşı, Beyrut sakini, 1979-cu ildə anadan olub) Ovak Kikiyanın (həmçinin Livan vətəndaşıdır) təklifi ilə Azərbaycanın işğal olunmuş ərazilərində döyüşlərdə 2500 ABŞ dolları məbləğində muzdlu kimi iştirak edib.
Həmin gün o, mütəşəkkil qrupun digər üzvləri ilə birlikdə Azərbaycanın dövlət sərhəddini keçib.
Eulcekciyan və digər muzdlular əllərində silahla Azərbaycan vətəndaşlarına və ordusuna qarşı terror əməlində iştirak ediblər. O, noyabrın 10-da Şuşada birgə yaşadığı Maral Nacaryanla birlikdə saxlanılıb. Nacaryan şahid kimi keçib və sonra buraxılıb.
Eulcekciyana qarşı Azərbaycan Cinayət Məcəlləsinin 114.3-cü (hərbi münaqişədə və ya hərbi əməliyyatda muzdlunun iştirakı), 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terror törədilməsi), 318.2-ci (dövlət sərhəddini qanunsuz keçmək) maddələrilə ittiham irəli sürülüb.
Sözügedən maddələr üzrə müttəhimi ömürlük həbs cəzası gözləyirdi.