Tarixçi və ən çox satılan əsərlərin müəllifi Timoti Snayder pozulmuş demokratiyalarda və mediada nəyin səhv olduğunu və lokal jurnalistikanın onları xilasın açarı ola biləcəyini izah edib.
Demokratik prinsiplər əldən verildikdə, bu, necə görünür? İstər tənqidçi jurnalisti tutmaq üçün təyyarənin qaçırılması, istərsə də müxalifət liderlərinin həbs edilməsi olsun, demokratiyanın pozulmasının ciddi nəticələri olur və çox vaxt bu, cəzalandırıcıdır. Texnologiya və media xüsusilə rəqəmsal dövrdə inkişaf etdikcə, belə güclü platformanın da zəif tərəfləri ortaya çıxır.
Yale Universitetinin tarix professoru və ən çox satılan müəllif Timoti Snayder çərşənbə axşamı Deutsche Welle-in Qlobal Media Forumunda məhv olmuş demokratiyalar və mediadan bəhs edib. O, söhbətinə tarixi bir qeyd ilə başlayıb. “Yeni media hər zaman böyük dağıntılara səbəb olur. Sakitləşdirici, rahatlaşdırıcı və demokratik kimi düşündüyümüz medianın - kitab kimi və ya qəzet kimi - yaradılması onillər və ya yüzillər çəkib. Çap maşınının ixtirası 150 illik dini müharibənin baş verməsinə gətirib çıxardı”, Avstriyadan video bağlantı ilə danışan Snayder deyib.
"Yəni, tarixi məqam ondan ibarətdir ki, yeni medianın formalaşması üçün vaxt lazımdır və biz insanlar olaraq onları formalaşdırmaq qabiliyyətinə və hüququna sahibik. Başqa sözlə desək, internet indiki kimi olmalı deyil. O, başqa forma alacaq və bu forma bizdən asılıdır".
Dağıdıcı mediaya yenidən baxılması
Snayder forumdakı çıxışında beynəlxalq demokratiyanı pozan liderlərin adlarını çəkməyib – amma o, bərabərlik, bilik və elmi bacarıqlar da daxil olmaqla, bu dağıntılarda rol oynayan müxtəlif mövzuları sıralayıb. Hərçənd onun 2017-ci ildə bestsellərə çevrilən kitabı “Tiraniya: 20-ci əsrin 20 dərsi" kitabı əvvəlcə ABŞ Prezidenti Donald Trampın 2016-cı il seçkilərində qələbəsindən sonra "əzici ümidsizlikdən" qurtulmaq üçün Facebookda post olaraq yazılmışdı.
Snayder uzun müddətdir kitab və qəzet oxuma ehtiyacını təşviq edir. Bu, bazar ertəsi “niyə ənənəvi və yazılı KİV innovasiyalar və dağıntılar zamanı diqqətdə saxlanılmalı olduğu halda, tarixçinin bu gün KİV-dəki dağıntıların nə demək olduğunu anlamaq üçün onları yenidən qiymətləndirməyə və hətta yenidən işləməyə çağırması” barədə suala cavab verərkən bir daha vurğulanıb.
"Bu nöqtədə yerli bir qəzetin fikri pozucudur - hamımızın iPhone-a sahib olmağımız və internetdə olmağımız fikri pozucu deyil. Bu, status kvodur", o dedi. "Hətta mürtəce olduğunu söyləyərdim. Əlbəttə ki, bu, gələcək deyil, bu gündür".
“İnsanlar məktəbləri ilə nə baş verdiyini bilməlidirlər. İnsanlar yerli çayda suyun çirkləndiyindən xəbərdar olmalıdırlar. İnsanlar qəzetə baxanda – istər xoşbəxt olsunlar, istər yox – başa düşməlidirlər ki, bu, onların həyatından bir hissədir”, - o izah edib.
Yerli xəbərlərin olmaması qütbləşməyə səbəb ola bilər
Snayder deyir ki, sadalanan problemlər arasından bərabərsizliyin aradan qaldırılması ən çətinidir. Ancaq yerli jurnalistikanın fəaliyyətini artırmaq bunu düzəltmək üçün ən asan yol ola bilər. Tarixçi üçün gənclərin böyüdükləri müddətdə həyatlarına birbaşa təsir edən xəbərlərə əlçatan şəkildə sahib olmaları çox vacibdir və bunun üçün yerli jurnalistlərin cəmiyyətlə birbaşa əlaqəsi olan mövzulardan yazmaları lazımdır. "Bu, o qədər fövqəladə dərəcədə vacibdir ki. Çünki insanların lokal qəzetləri yoxdursa ... o zaman bütün həyatları boyu "media” adlandırdıqları şeyə inamsızlıq göstərirlər. Yerli xəbərlər əlaqəsi yoxdursa, insanlar dərhal milli, ya da beynəlxalq xəbərlərə, yaxud konspirologiyaya üz tuturlar".
Amerikanın Orta Şərq əyalətində yerləşən Ohayo şəhərində böyüyən Yale professoru yerli mətbuatın xüsusilə özü kimi “xəbər səhrasında” yaşayan insanlar üçün çox vacib olduğunu deyir. “Birləşmiş Ştatlardakı əyalətlərin çoxunda xəbərləri çatdıran güvənilən qəzetlər yoxdur. Və sən bunu itirəndə boşluğu hiss edirsən. Buna görə yaranan qütbləşməni hiss edirsən. İnsanlar əslində nədən danışdıqlarını bilmədikləri və iki fərqli düşərgələrə çəkildikləri səviyyəyə çatırlar”.
Mövzu yerli jurnalistikanın canlı tutulmasının çətinlikləri olduqda Snayder əlbəttə ki, saf deyil və bilir ki, bu sahə ilə məşğul olmaq elə də sərfəli deyil, amma təkzib gözləyir. “Başa düşürəm ki, bu, sərfəli deyil, amma çox şey sərfəli deyil: təmiz su da sərfəli deyil. Marsa getmək də sərfəli deyil. Etdiyimiz çox şey dərhal gəlir gətirmir”, o, DW-yə dedi. “Məncə, lokal reportajlar demokratiya üçün həddən artıq vacibdir. Fikirləşirəm ki, bu, hələ də kifayət qədər qiymətləndirilməyib. Amma həmçinin fikirləşirəm ki, bu, həlli olan problemdir”.
Gələcək və faktlar
Tarix professoru və Vyanada Humanitar institutun daimi əməkdaşı jurnalistlərin mümkün qədər Qiyamət günü tonunda davamlı reportajlardan çəkindiklərinə eyham vurub.
“İnsanlar ancaq bir gələcəyin olacağına inanırlarsa həqiqətlərlə maraqlanırlar. Onlar gələcəyə indi önəm verirlər, çünki tezliklə edəcəkləri seçimlər var” deyib. “İnsanlar gələcəyin olacağına inanmırlarsa, həqiqətlərlə də az maraqlanırlar – öz hisslərinə daha çox sığınırlar. Onları tamaşa daha çox cəlb edir”.
Snayder güman ki, Trampın “Make Amerika great again” (Amerikanı yenidən böyük edək) şüarına işarə edərək deyib: “Siyasətin daha çox indi ilə əlaqəsi olduğu bir yerdəyik – ya da siyasət keçmiş haqda mifdir. Siyasət bizim keçmişdə necə böyük olduğumuz haqda nağıldır”.
“Bunun əvəzinə əlimizdə bir sıra fəlakətlər var. Bəzi insanlar qlobal isinmə fəlakətindən narahatdırlar. Haqlıdırlar. Bəziləri insanların sayının həddən artıq çox olacağı demoqrafik partlayışdan narahatdırlar. Bu, məni elə də narahat etmir, düzü. Amma hər iki halda da hansısa fəlakət haqda düşünürsən. Tələsən, indini kirlədən və dominantlıq edən gələcəyi düşünürsən”.
Snayder bunların xəbər redaksiyalarının həll edə biləcəyi məsələlər olmadığını, ancaq yardım etmənin başqa yollarının mövcudiyyətindən danışıb. Məsələn, insanlara gələcək haqda dinc, optimist və təhlükəsiz şəkildə düşünməyə kömək etmək.
Amma Snayder qeyd edir ki, bu, özündə araşdırmalar və ciddi reportajlar ehtiva edən balanslaşdırılmış aktdır.
“Yalnız yaxşı xəbərləri çatdır və hər şeyin yolunda getməsinə diqqət elə demirəm. Buna heç inanmıram da”, o söyləyib. “Mən sadəcə izah etməyə çalışıram ki, əgər insanların gələcək haqda heç bir təsəvvürü yoxdursa, bu zaman onlar jurnalistlərin fəal şəkildə üzərində işlədikləri və bu gün çatdırmağa çalışdıqları faktlara da diqqət etməyəcəklər”.