15 İyun 2021
Mətni dəyiş
1 saylı Cəzaçəkmə Müəssisəsində jurnalist Polad Aslanovu USM və ürəyini Exo kardioqramma müayinəsi ediblər. Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.
Onun sözlərinə görə, həkim bildirib ki, Polad sağlamdır.
“Polad Aslanov onlardan USM və Exo müayinəsinin, qan analizlərinin cavablarını tələb edib. Həkim isə bildirib ki, kağızımız qurtarıb.Ona görə ancaq müayinə edə bilirəm, sənəd verə bilmərəm”, - deyə Gülmirə Aslanova davam edib.
O, həkimin dediklərini şübhə altına alıb.
“Beləliklə, 1 saylı Cəza Çəkmə Müəssisəsində "möcüzə" baş verib.
Ürək-damar xəstəsi olan həyat yoldaşım heç bir tibbi yardım almadığı halda möcüzə nəticəsində "tam sağalıb", - deyə o daha sonra bildirib.
Gülmirə Aslanova Pentensiar Xidmətin rəhbərliyinə müraciət edərək həyat yoldaşının şəxsi hesabına Bakı şəhərində yerləşən ailələsinin seçdiyi klinikaların birində müayinə edilməsinə şərait yaradılmasını istəyib.
Xatırladaq ki, 2019-cu il noyabrın 16-da xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını cəlb edərək onları İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.
Jurnalist ittihamı qəbul etmir və fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.
Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.