2 İyun 2021
Mətni dəyiş
Mayın 31-də axşam saatlarında ictimai fəal İlkin Rüstəmzadənin bacısı Türkan Rüstəmzadəyə hücum edilib.
Bu barədə İ.Rüstəmzadə özü bildirib.
O deyib ki, metronun "Əhmədli" stansiyası yaxınlığında bir naməlum şəxs bacısına hücum edib: "O, Türkanın ağzını əli ilə bağlayaraq "qardaşına denən ağıllı olsun" deyib".
İ.Rüstəmzadənin sözlərinə görə, o, Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə onlayn müraciət ünvanlayıb:"Bu dəfə də günahkarlar tapılmasa, deməli, təhdidin arxasında dövlət özü durur".
Məsələyə münasibət bildirən Daxili İşlər Nazirliyindən qeyd edilib ki, ictimai fəal İlkin Rüstəmzadənin bacısı vasitəsilə təhdid edilməsi ilə bağlı araşdırmalara başlanılıb.
Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, vətəndaş İlkin Rüstəmzadənin sosial şəbəkə üzərindən etdiyi müraciət nəzarətə götürülüb: “Bütün müraciətlərin operativ araşdırıldığı kimi vətəndaş İlkin Rüstəmzadənin də müraciəti nəzarətə götürülüb. Onu təhdid edən və ya edənlərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.