26 İyun 2021
Mətni dəyiş
Gürcüstan Ermənistanla Azərbaycan arasında vasitəçi rolunu yerinə yetirməyə bir daha hazırdır. Bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili iyunun 25-də ölkə parlamentində çıxışı zamanı bildirib.
İyunun əvvəlində Gürcüstanın vasitəçiliyilə Azərbaycan 15 erməni hərbi əsiri geri qaytarıb, Ermənistan isə Azərbaycana minalanmış ərazilərin xəritəsini verib.
“Bu prosesdə mediator rolunu davam etdirməyə tam hazır olduğumuzu təsdiq etmək istəyirəm", - Qaribaşvili deyib.
Bununla yanaşı, Gürcüstanın baş naziri qeyd edib ki, bu, ölkə üçün görünməmiş rol olub. O, etimada görə Ermənistan və Azərbaycan liderlərinə təşəkkür edib.
Qaribaşvili həmçinin qeyd edib ki, Gürcüstanın vasitəçi kimi rolu barədə razılıq onun mayda Bakıya və Yerevana səfərləri zamanı əldə edilib.