Ənnağı Hacıbəyli
Milli Məclis Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsini birinci oxunuşda qəbul etdi. Dəyişiklik tam qanunvericilik posesini keçib qüvvəyə minərsə, vəkillər və onların müştəriləri (iddiaçı və ya cavabdeh) 500 manatadək cərimə oluna bilərlər.
Əvvəlcə mətnə baxaq: "Məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir”.
Ədalət mühakiməsini və peşə şərəfini karyera hərisliyinin ayaqları altına atan vəkillərdən başqa hamı, o sıradan ədalət mühakiməsində dekorasiya olmaq istəməyən vəkillər də bu mürtəce dəyişikliyə etiraz edirlər. Səbəbi ilk baxışda sadədir: dəyişiklik məhkəmə müdafiəsi hüququna zərər vurur, özəlliklə vəkillər üçün mənfi çəkindirici məqsəd güdür, vəkillərin müdafiə vasitələrini qısıdır.
Əslində məsələ daha qəlizdir:
Birinci, MPM-in 120-ci və 184.3-cü maddələrində bu məsələnin nizamlanması varsa, dəyişikliyin hansı zərurətdən doğduğu bəlli deyil.
İkinci, dəyişikliyin məcəllədə yeri də düzgün seçilməyib.
Üçüncü, dəyişiklik nədən etiraza səbəb oldu?
Etirazları iki cür qruplaşdırmaq olar:
1) Anlayışlara ("açıq-aşkar əsassız”, "ağlabatan miqdar”) etirazlar;
2) Mahiyyətlə bağlı etirazlar.
Anlayışlarla bağlı etirazlar bu ifadələrin abstrakt xarakteri və düzgün tətbiq edilməyəcəyi qorxusu ilə bağlıdır. Birinci narahatlıq, əslində, o qədər də əsaslı deyil, çünki bu ifadələrdən yararlanma qanunvericilik texnikasının qaydalarından irəli gəlir və belə ifadələrin qanunvericiliyə daxil edilməsi normal haldır.
"Hakim hüququ” deyilən bir şey var. Yetərincə hazırlıq səviyyəsi və müstəqilliyi olan hakim korpusu üçün bu ifadələrdən yararlanma çətin iş deyil.
İkinci narahatlıq – bu ifadələrin düzgün tətbiq edilməyəcəyi qorxusu əsaslı sayıla bilər, çünki "başına gələn başmaqçı olar” praktikası vəkillərdə haqlı olaraq narahatlıq yaradır.
"Cəza təqdimatları”ndan xilas olmamış vəkilin yeni tələyə düşməsi ehtimalı yüksəkdir və onlar cərimələrin hansı məqsəd güddüyünü yaxşı bilirlər. Bu ifadələrin düzgün tətbiqi üçün qanuni meyar olmaması, bir çox hakimlərin hazırlıq səviyyəsi, müstəqillik problemi vəkillərdə əsaslı narahatlıq yaradır.
Təqdimatlarla vəkilləri cilovda saxlamaq artıq ölkə sərhədlərini aşan səviyyədə bədnam məşhurluq qazanıb və görünür, onu daha "sivil”, daha "qanuni” sanksiyalarla əvəzləmək gərəyi yaranıb.
Qanun müəllifləri "Məhkəmə ... 500 manatadək cərimə edə bilər” yerinə "cərimə edə bilər” yaza bilməzdimi? Axı onun məbləğini hakim ağlabatan qaydada müəyyən edəcəksə, bu 500 manatın normativ dəyəri nədir? Deyim, bilin. O, sadəcə, vəkillərə "xox” gəlmək üçündür. Təbii ki, "həm ziyarət, həm ticarət” şərti ilə...
Maraqlıdır, dəyişiklik barədə Ali Məhkəmənin məlumatı da sadəcə təsviri xarakter daşıyır. Əslində, ədalət mühakiməsinin həyata keçirilməsinə zərər vuran, işin hallarını hərtərəfli, obyektiv araşdırmaq imkanını qısıtlayan yeni normaya hakimlərin mənfi rəyi hələ ki yoxdur.
Arxa sıra məmura çevrilmiş hakimlər...
Mahiyyətlə bağlı etirazların hüquqi əsası varmı?
Hüquq nəzəriyyəsinə görə qanun norması, o sıradan sanksiyalar iqtisadi, siyasi, əxlaq, hüquq, hətta riyazi baxımdan əsaslandırılmalıdır. İqtisadçı olmasam da, anlayıram ki, əksər hallarda 500 manatdan çox əmək haqqı almayan iddiaçı və cavabdehlər üçün adətən, bu məbləğdə müqavilələr bağlayan vəkil və nümayəndələr üçün belə cərimənin heç bir maddi, iqtisadi əsası yoxdur.
Maaş və pensiyaları ildə 5-10 manat artıran dövlətin belə yüksək cərimələr qoyması, dövlət rüsumunu birdən-birə 40 dəfə qaldırması dövlət səviyyəsində soyğunçuluqdur, xalqın əslində boş olan cibinə girməkdir. Dövlət orqanı dövlət büdcəsindən maliyyələşməlidir. Büdcəyə vergi ödəyən xalqın ikiqat vergiyə cəlb olunması soyğunçuluqdur.
Siyasi baxımdan sanksiyaların həddi ilə mübahisə etmək daha çətindir. Bir yandan hakimiyyətin hökmü bu şəraitdə mübahisəsizdir, başqa yandan siyasət bu halda hüquqa deyil, zora söykənir, zor ilə mübahisə isə ancaq zorla mümkündür. Burada da hüquq yoxdur.
Sanksiyanın əxlaq əsasları da ciddi söhbət deyil. 40 dəfə plankası o dərəcədə əxlaqsızdır ki, burada əxlaq axtarmaq özü də sanki əxlaqa hörmətsizlikdir.
Azərbaycan qanunvericiliyi əxlaq orientirlərini çoxdan itirib. İndi əsas orientasiya astronomik cərimələrdir – cinayət, inzibati, mülki, istər qanunvericilik sahəsi cərimə burulğanında boğulmaqdadır. Hər şeyə pulun gözü ilə baxmağa vərdiş eləmiş adamlar hüquq nizamlamasını pulsuz təsəvvür edə bilmirlər...
Dəyişikliyin hüquq əsasları varmı?
Oxucunu yormamaq üçün iki normativ akta baxacam:
Konstitusiyanın 60, 61 və 71–ci maddələri - ədalətli məhkəmə müdafiəsi hüququ, keyfiyyətli hüquq yardımı almaq hüququ verir, insan və vətəndaş hüquqlarılnın müdafiəsinə təminat verir. Dəyişiklik bu hüquqlara yetərincə ciddi qısıtlama gətirir və konstitusiyaya ziddir.
Dəyişiklik "Normativ-hüquqi aktlar haqqında Konstitusiya Qanunu”na da uyğun deyil (8.0.8-ci maddə - insanların hüquq və azadlıqlarının, onların qanuni mənafelərinin müdafiəsi və sosial ədalət; 22-ci maddə - beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü; 62-ci maddə - normativ-hüquqi aktlarda sui-istifadə amilləri) və s.
Nəticə nədir?
Dəyişiklik məhkəmə-hüquq islahatlarının həddən artıq sürətli gedişində baş vermiş qəza sayıla bilər. Məqsəd vəkilləri cəzalandırmağın yeni variantlarının işə salınması və korrupsiya büdcəsini xalqın hesabına doldurmaqdır.
Necə deyərlər, keçmiş və bazar olsun...