2 İyun 2021
Mətni dəyiş
İyunun 1-də N!DA Vətəndaş Hərəkatı, D18 Hərəkatı, AXCP Gənclər Komitəsi, HƏP Gənclər Təşkilatı, Oyan Hərəkatı, Müsavat Gənclər Təşkilatı, Tələbə Güc Mərkəzi birgə bəyanat yayaraq İstanbulda dənizdən nəşi tapılan siyasi fəal Bayram Məmmədovun istintaq prosesi ilə bağlı ictimaiyyətə məlumat verilməsini tələb ediblər.
Qeyd edilib ki, bu vaxtadək fəalın ölümü ilə bağlı istintaqın gedişatı və kamera görüntüləri haqda məlumat verilməyib.
Bəyanatda 4 əsas tələb yer alıb:
1.Bayram Məmmədovun ölümü ilə bağlı başlanılmış istintaq işinin gedişi, əldə olunan ilkin nəticələr barəsində ictimaiyyət dərhal məlumatlandırılmalıdır
2.Ölüm səbəbləri, hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı məlumatlar təqdim edilməlidir.
3.Azərbaycan hakimiyyəti və aidiyyəti qurumlar Bayram Məmmədovun ölümü ilə bağlı açıqlama verməli, istintaq prosesində yaxından iştirak etməli və Türkiyə hüquq mühafizə orqanları ilə birgə koordinasiyalı şəkildə işləməlidir.
4.Bu mövzuda Türkiyə hüquq mühafizə orqanlarının, Azərbaycan hakimiyyəti və aidiyyatı qurumların səssizliyi və istəksizliyi Bayram Məmmədovun ölümü ilə bağlı fərqli spekulyasiyaların yaranmasına səbəb olur. Bu cür düşüncələrin yaranmaması və adekvat nəticələrinin olmaması üçün Türkiyə və bilavasitə Azərbaycan hakimiyyəti istintaq prosesinin nəticələnməsində maraqlı olmalıdır.
Xatırladaq ki, bu il mayın 2-dən etibarən Türkiyədə yaşayan Bayram Məmmədov yoxa çıxıb. Mayın 5-də onun cansız bədəni dənizdən tapılıb və bu barədə dostlarına xəbər verilib. Fəal mayın 9-da isə Bakıda dəfn edilib.
Kadıköy Polis İdarəsinin yaydığı məlumata görə, Bayram Məmmədov dənizə düşən çəkələklərini götürmək üçün suya atlayıb və amma axına qapılaraq boğulub.
Qeyd edək ki, polisin rəsmi açıqlaması ilə üst-üstə düşməyən məqamlar var. Belə ki, Kadıköy Polis İdarəsindən Bayram Məmmədovun üzə bilmədiyini deyilsə də, dostları bunun əskini iddia edir. Yaxınları və dostları onun ölümünün ciddi araşdırılmasını tələb edir.
Xatırladaq ki, 2016-ci il mayın 9-dan 10-na keçən gecə Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə eks-prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” yazıb. Daha sonra onların hər ikisi narkotik ittihamı ilə həbs edilərək 10 il müddətinə azadlıqdan məhrum edilib. “Amnesty International” təşkilatı fəalları “vicdan məhbusu” elan edib. Hər iki fəal 2019-cu ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.