15 İyun 2021
Mətni dəyiş
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə tarixi Qars müqaviləsinə istinad edilir.
Bu barədə Prezident İlham Əliyev bu gün Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirilən mətbuat konfransında bildirib.
Dövlət başçısı qeyd edib ki, tarixi Qars müqaviləsi 100 il bundan əvvəl imzalanıb: “Bu da böyük rəmzi məna daşıyır. 100 ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti - demək olar ki, bütün sahələr əhatə olunur. Enerji təhlükəsizliyi, Cənub Qaz dəhlizinin önəmi Türkiyə, Azərbaycan, Avropa üçün göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır. Onların arasında iki məsələni xüsusilə qeyd etmək istərdim. Birincisi, müdafiə sahəsində, müdafiə sənayesi sahəsində əməkdaşlıq, işbirliyi və qarşılıqlı hərbi yardım məsələləri bu Bəyannamədə əksini tapır. Bu, tarixi nailiyyətdir”.