Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.
Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
"Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edirik. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edirik.
Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək", - deyə XİN-dən bildirilib.
Beynəlxalq reaksiyalar
“ABŞ Azərbaycanın saxlanılan 15 ermənini azad etməsini və onların ailələrinə qayıtmasını alqışlayır. Biz həmçinin Ermənistanın Azərbaycana ərazilərin minalardan təmizlənməsini asanlaşdıracaq və gələcəkdə itkilərin qarşısını alacaq vacib məlumatı təqdim etməsi barədə qərarını da təqdir edirik”.
Bu barədə ABŞ Dövlət Departameninin saytında yerləşdirilən məlumatda bildirilib. Gürcüstanın baş nazir İrakli Qaribaşvili məsələ ilə bağlı açıqlama verib.
O bildirib ki, şadam ki, fəal dəstəyim və strateji tərəfdaşımız – ABŞ-ın dövlət katibinin müavini Filip Rikerin iştirakı ilə Azərbaycan tərəfi Ermənistanın 15 vətəndaşını azad edib və onlar Gürcüstan ərazisi vasitəsilə öz ailələrinə geri dönüblər.
Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel feysbuk hesabında yazıb ki, Azərbaycan və Ermənistanın paralel humanitar jestləri – saxlanılanların azad edilməsi və minalanmış ərazilərin xəritələrinin verilməsini alqışlayır.
"Avropa İttifaqı bu prosesi dəstəkləyib və irəliləyişin əldə olunması üçün köməyini təklif etməkdə davam edəcək”, - deyə o, əlavə edib.