NATO ölkələrinin zirvə görüşündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Amerika prezidenti Co Bayden bir araya gəliblər.
Əvvəlcədən də analitiklərin analiz etdikləri kimi, görüş müsbət mesajlarla yekunlaşıb.
Görüşdən sonra mətbuata açıqlama verən Rəcəb Tayyib Ərdoğan deyib ki, Baydenlə çox yaxşı bir görüş keçirdik.
"Baydenlə çox yaxşı bir görüş keçirdik. S-400 məsələsi də danışıldı, biz öz fikrimizi dedik. Terror qruplaşmaları ilə bağlı isə bəzi fikir ayrılıqları oldu. Ancaq Amerika ilə aramızda həll olunmayacaq heç bir problem yoxdur", - deyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Amerika prezidenti Co Bayden də görüşlə bağlı fikirlərini səsləndirib. Bayden deyib ki, Türkiyə Amerikanın müttəfiqidir.
"Türkiyə müttəfiqimizdir və təhlükəsizliyini qorumaq əsas vəzifələrimizdən biridir. Türkiyə ilə bağlı təhlükəsizlik tədbirlərinin artırılmasına qərar verdik. Suriyada Türkiyə üçün yaranan problemlərdə yanında olacağıq. Türkiyənin də milyonlarla suriyalıya qapı açmasını təqdir etdik", - deyə Co Bayden bildirib.