Mayın 17-də Ermənistan Baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan ölkənin Təhlükəsizlik Şurasının iclasında bildirib ki, İrəvan Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizini Bakı ilə müzakirə etməyəcək.
Mayın 10-da isə Prezident İlham Əliyev Naxçıvana səfəri zamanı söyləyib ki, Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Bu dəhliz açılmalıdır və açılacaqdır. «Bildiyiniz kimi, 10 noyabr tarixli birgə bəyanatda bu, təsbit edilib. Ondan sonra fəaliyyət göstərən Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun keçirilmiş iclaslarında da artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atılır. Əminliklə deyə bilərəm ki, dəmir yolu dəhlizi açılacaqdır. Heç kimdə bu haqda şübhə olmasın».
Zəngəzur dəhlizi açılacaqmı? Ermənistan sözügedən dəhlizi açmaqdan imtina etsə, hansı prosesləri gözləmək olar?
Noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb. Həmin bəyanatın 9-cu bəndinə əsasən, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.
Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü Elman Məmmədov Turana bildirib ki, Prezident İlham Əliyev son dəfə onu da vurğuladı ki, dəhliz olacaq. «Onun olması Azərbaycan, Rusiya və Ermənistan dövlətlərinin 2020-ci il noyabrın 10-da, 2021-ci il yanvar ayının 11-də imzaladıqları sənədlərdə də öz əksini tapıb».
Deputat hesab edir ki, Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı dediyi daxili auditoriyaya yönəlik bəyanatdır. «Bu, onun kütlə üçün növbəti populist sərsəm bəyanatdır. Axı o, baş nazirliyə gələndən elə bu populist bəyanatlar verməklə məşğul oldu. Nəticədə də dəmir yumruq öz sözünü dedi. İndi o, yenə də həmin variantlara əl atır. Bu, Ermənistanda qarşıdan gələn növbədənkənar parlament seçkiləri ilə bağlıdır».
E.Məmmədovun fikrincə, əgər Ermənistan xalqı düşünüb düzgün nəticə çıxara bilsə, onlar inkişaf etmək üçün Zəngəzur dəhlizinin olmasını hamıdan çox istəməlidir. «Çünki o dəhlizin olması onları tarix boyu dəstəkləyən, bu gün də müdafiə edən Rusiya ilə birbaşa dəmir yolu əlaqələrinin olmasına gətirib çıxaracaq. Bu onların çox xeyrinədir. Yəni onlar digər əlaqələrini də bu dəhliz vasitəsilə həyata keçirə bilər, tranzit dövlət statusunu əldə edə bilər. Onlar düşünməlidilər ki, belə düşmənlik niyyəti ilə səsləndirdikləri fikirlər bu günə qədər də onlara xeyir verməyib, bundan sonra da xeyir verməyəcək».
Deputat vurğulayıb ki, Ermənistan dəhlizin açılmasına razı olmazsa Azərbaycan özü onu açacaq. «Cənab Prezidentin dediyi kimi, dəmir yumruq yerindədir. Biz bu 40 kilometrlik yolu açacayıq. Burada Rusiyanın da, Türkiyənin də, İranın da, bizim də, elə Ermənistanın özünün də çox ciddi strateji maraqları var».
Politoloq Ərəstun Oruclu isə bildirib ki, Zəngəzur dəhlizi ətrafında mübahisənin məhz bu günlərdə qızışması təsadüfi deyil.
O hesab edir ki, bu, Ermənistandakı qarşıdan gələn seçkilərlə bağlıdır və Rusiya bütün vasitələrlə Paşinyanı kənarlaşdırmağa çalışır. «Ona qarşı bir tərəfdən koalisiya yaradılır, amma Rusiya ekspertləri görür ki, xalqın Paşinyana dəstəyi hələ də güclüdür və birdən dəhliz yada düşür. Çünki bu dəhliz məsələsində güzəştə getmək Paşinyan üçün məğlubiyyət deməkdir. Bəli, Paşinyan dəhliz məsələsi yer alan məlum 10 noyabr bəyanatına imza atıb, amma sual yaranır: dəhliz niyə 3 ay əvvəl yada düşmürdü?».
Ekspertin fikrincə, məsələdə Rusiya maraqlıdır. «Diqqət yetirin ki, dəhliz məsələsi kəskinliklə Lavrovun səfərindən ardınca gündəmə qayıtdı. Və Azərbaycan sanki bu məsələdə Rusiya ilə razılığa gəldi ki, Paşinyan seçkilərdə uduzsun».
Ə.Oruclunun fikrincə, Azərbaycan Rusiyadan müəyyən qarantiyalar alıb. «İlham Əliyev əminliklə deyir ki, dəhliz açılacaq və lazım gəlsə güclə açılacaq. Azərbaycan Zəngəzura hərbi müdaxilə edərsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının şərtlərinə əsasən, təşkilat Ermənistanın müdafiəsinə qalxmalıdır. Görünür, İlham Əliyevə Rusiya tərəfindən təminat verilib ki, bu, olmayacaq. Yəni, lap lazım gəlsə Azərbaycan Zəngəzura müdaxilə də edə bilər və belə olan halda Paşinyan seçkilərdə uduzacaq».
Politoloq qeyd edib ki, Zəngəzur dəhlizi Azərbaycan üçün vacib olsa da, ilk növbədə o, Rusiya üçün vacibdir. «Çünki həmin dəhlizə o, özü nəzarət edəcək. Paşinyan isə son ana kimi müqavimət göstərəcək. Dəhliz yəqin ki, açılmayacaq və kompromis variantlar tapılacaq. Hər halda müharibə olmayacaq».