"The Guardian" nəşri Türkiyədə axtarışda olan Sədat Pekərin son günlər yayımladığı videolarla bağlı məqalə hazırlayıb. Məqalədə deyilir ki, Sədat Pekər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı birbaşa vurmasa da, yaxın ətrafını vurmaqla onu da hədəf göstərir.
Pekərin videolarının Türkiyəni silkələdiyi yazılan məqalədə qeyd olunub ki, onsuz da koronavirusun (Covid-19) yaratdığı sosial-iqtisadi problemlər cəmiyyətdə Ərdoğanın nüfuzunu zədələmişdi, bu videolar isə tam olaraq "yıxıcı" olacaq.
Qəzet Sədat Pekərin qarşıdakı günlərdə Suriyaya silah daşınmasından və İŞİD-dən neft alınmasından danışacağını ehtimal edir.
Məqalədə qeyd olunub ki, bütün videolar çox diqqətli şəkildə hazırlanır və xüsusən iddiaların çatdırılması hüquqi araşdırma açılması üçün detallı işlənib.
Bildirilib ki, videolar ona görə maraq doğurur ki, insanların bu mövzuda fikirlərini təsdiqləyir. Dövlətin cinayətkar aləmlə əlaqələrini ortaya qoyur. Xüsusən, Türkiyədəki son çevrilişə cəhddən sonra, hakimiyyətlə eyni ittifaqda olan Millətçi Hərəkat Partiyasının (MHP) cinayətkar aləmlə güclü bağlantıları var.