28 May 2021
Mətni dəyiş
"Ermənistanda daxili siyasi vəziyyət partlayış təhlükəsi həddindədir. Vəziyyət, demək olar ki, vətəndaş müharibəsi təhlükəsi yaradır".
Bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan və sabiq prezident Robert Koçaryanın tərəfdarları arasında kəskin antaqonizm mövcuddur:
"Bu düşmənçilik dayandırılmasa, nələr olacağını təsəvvür etmək dəhşətlidir. Hər iki tərəf ölüm-qalım məsələsini həll edir".
Ter-Petrosyan ölkədəki parlament idarəetmə üsulunu da tənqid edib:
"Parlament idarəetmə sistemi Ermənistanı məhvə aparır. Mütləq prezident idarəçilik sisteminə qayıtmaq lazımdır. Parlament sisteminə keçid Serj Sarkisyanın ən böyük səhvi idi. Bu qərar onun öz başına bəla oldu".
Levon Ter-Petrosyan Ermənistanı olduqca ağır günlərin gözlədiyini deyib.