2020-ci ildə dövlət büdcəsindən siyasi partiyalara 3,6 milyon manat məbləğində maliyyə yardımı ayrılıb. Bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib.
Qeyd edilib ki, bu da 2019-cu illə müqayisədə 1 milyon manat və ya 38,4 faiz çoxdur. Sənəd yaxın günlərdə Milli Məclisin plenar iclasında I oxunuşda müzakirəyə çıxarılacaq. Bu il də Azərbaycanda siyasi partiyalara maliyyə yardımının göstərilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 4 milyon manat vəsait nəzərdə tutulub.
İlin birinci rübü üzrə 10 siyasi partiyaya - Yeni Azərbaycan Partiyasına, Vətəndaş Həmrəyliyi Partiyasına, Ana Vətən Partiyasına, Demokratik İslahatlar Partiyasına, Azərbaycan Demokratik Maarifçilik Partiyasına, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına, Böyük Quruluş Partiyasına, Vəhdət Partiyasına, Respublikaçı Alternativ Partiyasına və Milli Cəbhə Partiyasına ümumilikdə 857,5 min manat məbləğində vəsait ödənilib.
Vəsaitin ayrılması “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə uyğun aparılır.