15 May 2021
Mətni dəyiş
Rusiya hökuməti dost olmayan xarici dövlətlərin siyahısını açıqlayıb.
Siyahı hökumət sənədlərinin toplusu olan rəsmi portalda dərc edilib.
Siyahıya yalnız iki dövlətin adı daxil olunub. Bunlar ABŞ və Çexiyadır.
Beləliklə də, Rusiya prezidentinin 23 aprel tarixli sərəncamı məhz bu ölkələrə münasibətdə tətbiq ediləcək. Sərəncama əsasən, Çexiyanın Rusiyadakı diplomatik nümayəndəliyinə yalnız 19-dək yerli vətəndaşı işə götürmək icazəsi verilib. ABŞ səfirliyi isə ümumiyyətlə bu imkandan məhrum olunub.
Qeyd edək ki, məhdudiyyətlər bu ölkələrin diplomatik nümayəndəlikləri ilə Rusiyada qeydiyyatda olan hüquqi şəxslər arasındakı münasibətlərə də aiddir.
Çexiya Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı bəyanat yayaraq bildirilib ki, Rusiyanın Çexiyanı dost olmayan ölkələr siyahısına daxil etməsini, təkcə Praqa ilə deyil, həm də Avropa Birliyi və müttəfiqləri ilə münasibətləri gərginləşdirən addım kimi qiymətləndirirlər.
“Bundan əlavə, Rusiyanın bu qərarı Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına, xüsusən də imzaladığı diplomatik nümayəndəliklərin düzgün işləməsini təmin etmək öhdəliyi və dövlətlərarası ayrıseçkiliyə yol verilməməsi prinsipinə tamamilə ziddir”, Çexiya XİN-in açıqlamasında bildirilib.