Rusiyanın “RİA Novosti” informasiya agentliyi “Qarabağın cənub darvazası” başlığı ilə Hadrut rayonuna səfər haqda geniş reportaj yayımlayıb. Həmin reportajı təqdim edirik.
“Hadrut konyakının dadına baxmısınız? Ermənilər bu işi yaxşı bacarırlar”, - tarixçi və bələdçi Rizvan Hüseynov zarafatla jurnalistə deyir.
Avtobus qəfildən dayanır. Sürücü komanda verir: “5 dəqiqə istirahət! Sonra yola davam! Hadruta az qalıb”. Amma şüşələr, kərpic yığını, ətrafa dağılmış ayaqqabılar yolu bağlayıb. Sakinlər evlərini tələsik tərk ediblər. Uzaqlaşdıqca son Qarabağ müharibəsinin izləri daha aydın görünür. “RİA Novosti”nin korrespondenti Hadrutun Bakının nəzarəti altına keçməsindən sonra bu şəhərdə olan ilk şəxslərdəndir.
Açar düyün
Hadrutun girişində Azərbaycan bayrağının rənglərinə boyanmış böyük daş var. Müharibədən əvvəl onun üzərində tanınmamış Dağlıq Qarabağ Respublikasının bayrağı var idi. “Aydın olsun deyə, birinci bunu rənglədilər. Hadrut Azərbaycandır”, Rizvan izah edir və daşın qarşısında şəkil çəkdirir.
Ətrafda dağlar, şam ağacları, çöl çiçəkləri var. Aşağıda, mənzərəli vadidə şəhər yerləşir. Bu, Hadrut şəhəridir. İkinci Qarabağ müharibəsi zamanı şəhər münaqişənin episentrinə çevrildi. Döyüşlər həftələrlə davam etdi və ərazinin Azərbaycana qaytarılması ilə sona çatdı.
Sovet dövründə Hadrut Dağlıq Qarabağ muxtariyyətinə daxil idi. Birinci Qarabağ müharibəsindən sonra DQR-in administrativ mərkəzinə çevrildi. Sərhədləri isə Azərbaycanın Cəbrayıl və Füzuli rayonunun bir hissəsi sayəsində genişləndirildi.
Yarım saatlıq eniş və Hadrut ovucunun içindədir. Müharibədən sonrakı səliqəsizlik və dağılmış yollara baxmayaraq, o, yaxşı vəziyyətdədir. Burada Füzulidəki kimi xarabalıqlar və mina tarlaları yoxdur. Müharibənin izləri əvvəlcə nəzərə çarpmır. Damlarda təzə boya var, evlər demək olar ki, zərər görməyib. Mağazalar, apteklər...
Məktəbin qarşısında ot örtüyü hələ göyərməmiş idman meydançası var. Yelləncəklər və köhnə sürüşkənlər – 6 ay əvvəl burada uşaqlar oynayır, səs-küy salırdılar. İndi isə sakitlikdir. Birdən top yerə dəydi.
“Bizim əsgərlərdir. Vəziyyətə nəzarət edirlər. Ətrafda o qədər provokator var ki, - Rizvan deyir. – Erməni diversantlar Hadrutun ətrafını qışa qədər tərk etmədilər”.
Çoxlu atılmış ayaqqabı və paltar var. “Nə gizlədək? Qarşıdurmalar olmuşdu”, bir neçə dəqiqə əvvəl topla oynayan şəxs jurnalistə deyir. Adı Həsəndir.
“Sakinlər və hərbçilər bizim dağlardan gələcəyimizi gözləmirdilər, - o davam edir. – Mardakertin şimalından zərbəyə hazırlaşırdılar. Biz isə cənubdan gəldik. Cəbrayılda müdafiə xəttini yarıb Hadruta doğru irəlilədik. Bu, Dağlıq Qarabağın cənub darvazalarıdır. Azərbaycanın cənubundan Qarabağın dərinliklərinə açar yollar bu düyümdən keçir. Ancaq əsas Şuşaya girişdir”.
“RİA Novosti”nin korrespondentinin şəhərin niyə əldən-ələ keçməsi ilə bağlı sualına müsahibi belə cavab verir: “Oktyabrın ilk həftələrindən kəşfiyyat fəaliyyətdə idi. Azərbaycanlılar Hadruta daxil olub ətrafı analiz edirdilər. Mərkəzə çatıb müvəqqəti geri çəkilirdilər. KİV bunu Bakının uğursuzluğu kimi qələmə verirdi. Halbuki biz cinahı yararaq şəhərə daxil olanda ciddi müqavimətlə qarşılaşmadıq”.
O, erməni tərəfinin uğursuzluğunu Hadrutun sadəcə bir neçə xüsusi təyinatlı dəstə və yerli milislər tərəfindən qorunmasında görür. “İctimaiyyətdə belə bir fikir formalaşıb ki, şəhərdə şiddətli döyüşlər gedib. Amma özünüz baxın. Hadrut salamatdır. Dağıntılar minimaldır. Sakinlər üçün əvvəlcədən humanitar dəhliz açılmışdı”, - hərbçi qeyd edir.
Bakı Hadrut-Cəbrayıl-Şükürbəyli trassını Zəngəzur magistralı ilə birləşdirməyi planlayır. Yol Azərbaycandan Naxçıvana gedən Zəngəzur dəhlizinin bir hissəsi olacaq.
Müharibədən sonra Hadrut
"Spitak Xaç" erməni kilsəsinin yaxınlığındakı panel evdə paltar iplərində köynək və mayka hələ də asılı qalıb. Mənzillər qıfıllanmayıb. Birinci mərtəbədəki otaqlardan birində üzərində not dəftərləri qalaqlanmış piano, yerdə əşyalar, vedrə, qab-qacaq var. Üzərində şahmat lövhəsi, süni yeni il ağacı və oyuncaq qırıqları toplanıb. Oyuncaq ayı pianonun altında qalıb. Ətrafa qutular və paltarlar səpələnib.
“İnsanlar şəhərin ermənilərin nəzarətində olduğunu yazan sosial şəbəkələrə inanırdılar. Bir neçə ailə yaşlı valideynlərini məcburən burada qoymalı oldu. Azərbaycan daha sonra onlara ailələrinin yanına getməyə kömək etdi”, - jurnalistləri müşayiət edən politoloq Nicat Hacıyev danışır.
Hadrutun cənubundakı “Spitak Xaç” erməni kilsəsi ətrafdakı xaosla kontrast təşkil edir. Möhtəşəm daş divarlar, naxışlı xaçlar. İçəridə taxta oturacaqlar, divarda ikonlar var. Mehrabın qarşısında mumları damcılamış şamdanlar qoyulub.
Kilsənin qarşısında ərik bağı var. Yaxınlıqda rahibin evi yerləşir. Ətrafa fotolar, kitab səhifələri dağılıb. Görünür, rahib və işçilər Hadrutu tərk etməmişdən əvvəl kilsənin əşyalarını yandırıblar. Bələdçi və tarixçi Rizvan cırılmış fotonun hissələrini ehtiyatla toplayır və birləşdirməyə çalışır: “Deyəsən, ailə albomundandır”.
Otların arasında nəyəsə diqqətlə baxır. “Kilsənin yaxınlığında adətən qəbiristanlıq olur. Ermənilərin məzar daşlarının üzərində adətən ov, əkin-biçin səhnələri əks olunur. Əsl sənət əsəridir”. Sürücü hamını tələsdirir.
Milliyəti – bakılı
“Böyük oğlum Samir Birinci Qarabağ Müharibəsində Füzuli, Xocavənd və Hadrut uğrunda gedən döyüşlərdə şəhid oldu. Onun on doqquz yaşı var idi. O torpaqlara getsəniz, oğlumun xatirəsinə mənə heç olmazsa bir çınqıl gətirin”, – Mariya Əliyeva-Karapetyan “RİA Novosti”nin əməkdaşından Hadrut səfərindən öncə xahiş edir.
Onun yetmişə yaxın yaşı var. Oğlu haqda çətinliklə danışır – kreslonun qoluna söykənir. “Samir uşaqlıqdan hərbçi olmağı arzulayırdı. Məktəbdən qaça-qaça gəlib məni qucaqlayırdı: “Ana böyüyəndə əsgər olacağam və səni müdafiə edəcəyəm”. Naxçıvanski adına Hərbi Litseyə daxil oldu. Birinci Qarabağ Müharibəsinin ən qızğın vaxtlarında onu orduya çağırdılar. Elə də həlak oldu”.
Azərbaycanlılarla ermənilərin Qarabağ uğrunda müharibəsi Mariya Yeroqovna üçün şəxsi faciədir. O ermənidir, amma demək olar ki, bütün ömrü boyu Bakıda yaşayıb. Valideynləri 1956-cı ildə Altay vilayətindən Azərbaycana köçüblər. Ailə repressiya səbəbindən Sibirdə yaşayırdı. “Babam Gorusda böyük evi qoyub, bütün ailəni Sibirin əbədi donmuş torpaqlarına köçürdü” – Mariya Əliyeva-Karapetyan danışır.
Birinci Qarabağ Müharibəsinədək Azərbaycanda böyük erməni diasporu var idi. Mariyanın əmisi valideynlərini bura çağıranda, bu barədə elə də uzun düşünmədilər. “O zamanlar zarafat edirdilər ki, Bakı Odessadan sonra ikinci çoxmillətli şəhərdir. Burda kim yox idi ki?! Azərbaycanlılar, ermənilər, ləzgilər, talışlar, ruslar. “Hansı millətdənsən” sualına “Bakılıyam” cavabı gəlirdi” - Mariya Əliyeva-Karapetyan deyir.
Mariya Yeqorovna azərbaycanlı ilə ailə həyatı qurub.
“Həyat yoldaşımın valideynləri həmişə deyirdilər ki, guya erməni gəlinləri ən gözəl və sevimli olur. Onlardan bir pis söz belə eşitməmişəm. Dörd övlad dünyada gətirmişəm” – o, "RİA Novosti"nin jurnalistinə söyləyir.
Qonşular da ona mehriban münasibət göstərib. Mariya iynə vurmağı və sistem qoşmağı öyrənib. Həyat yoldaşı ilə yaşadığı Maştağa qəsəbəsində ona “şəfqət bacısı” ləqəbi verilib. “Maşa gün ərzində 40 evə gedirdi. O, hamıya kömək edirdi - təcili yardım kimi” - qonşu qadınlardan biri söhbətə qarışdı.
“Biz Mariya Yeqorovna ilə 30 ildir çiyin-çiyinə yaşayırıq. O, uşaqlarımı böyütməkdə mənə kömək edirdi. Qarabağda müharibə başlayanda heç kim ona erməni olduğu üçün heç nə demədi, barmaqla göstərmədi. O, bizim üçün doğmadır” – başqa qonşu qadın əlavə edir.
Arzular və xatirələr
Mariya əmindir ki, müharibəni siyasətçilər qızışdırıblar: “Məmurlar ermənilərlə azərbaycanlıların genetik uyğunsuzluğundan danışanda təzyiqim qalxır, dərman içirəm. İllərlə birlikdə yaşadıq, indi genlərimiz uyğun gəlmir? Belə sözlərə görə, kötəkləmək lazımdır onları”.
Birinci Qarabağ Müharibəsi zamanı Mariya Əliyeva-Karapetyan ətrafın ona hücum edəcəyindən ehtiyatlanırmış. Televizorda hər gün ermənilərin Bakıdan, azərbaycanlıların isə Yerevandan köçürüldüyü göstərilirdi. Ermənistanda onun uzaq qohumları yaşayırdı. Amma əlaqələri yox idi. Heç yerə gedə bilməzdi. Azərbaycanda isə həyat yoldaşı və uşaqları var.
“Boş yerə narahat olmuşam. Əksinə hamı mənim qayğıma qalırdı. Heç mən də gizlənmirdim. Müharibədə gənc insanlar ölür. Mənim kimi qoca qarı niyə həyatdan yapışmalıdır ki?! Əlimdən gələn qədər kömək edirdim. Birlikdə ağlayırdıq, uşaqları dəfn edirdik” – o danışır.
Azərbaycanda hələ də iyirmi minədək erməni yaşayır. Mariya hərdən erməni rəfiqələri ilə görüşür: “Mənim kimi onlar da azərbaycanlılarla ailə həyatı qurub Bakıda qalıblar. Heç kimin həyatı asan deyil”.
Rəsmilər ona övladını Bakının mərkəzindəki Şəhidlər xiyabanından dəfn etməyi təklif ediblər, amma Mariya bundan imtina edib. Oğlunun evinə yaxın ərazidə torpağa tapşırılmasını xahiş edib. Beləcə o, hər gün övladını ziyarət edə bilir.
“Babam danışırdı ki, Ermənistanda gözəl şəlalələr var”, - Mariya fikirli halda deyir. O, heç vaxt vətənində olmayıb və artıq nə vaxtsa oraya getməyə taqətinin olacağına inanmır.