Rusiya prezidenti Vladimir Putinin son bir ildəki fəaliyyəti analiz edilib. Ümumilikdə həm region, həm də Rusiya üçün gərgin keçən bu bir ildə Putin ən çox Türkiyə prezidenti Receb Tayyib Erdoğanla danışıb.
Bu barədə məlumatlar Kremlin saytından götürülüb.
Bildirilir ki, prezident Putin 7 may 2020 - 7 may 2021-ci illər arasında 306 rəsmi görüş həyata keçirib ki, bunun da 14-ü Türkiyə prezidenti Receb Tayyib Erdoğanla baş tutub.
Beləliklə, son 4 ilin nəticələri dəyişməyib. Bu müddət ərzində də Erdoğan Putinin ən çox danışdığı prezident olub.
Putinin sonuncu görüşü isə Azərbaycan prezidenti ilə baş tutub. Mayın 10-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Hər iki tərəfin Rusiya-Azərbaycan hərtərəfli qarşılıqlı fəaliyyətinin daha da genişləndirilməsi əzmində olduğu təsdiqlənib. Söhbət zamanı dövlət başçıları müxtəlif səviyyəli təmasların bundan sonra da davam etdiriləcəyini vurğulayıblar.