18 May 2021
Mətni dəyiş
Rusiya Bakı və Yerevanla daim əlaqə saxlayır, sərhəddə gərginliyin aradan qaldırılması üçün səy göstərir.
Bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bazar ertəsi jurnalistlərə bildirib.
Ötən həftə Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan parlamentin növbədənkənar iclasında Putinə məktub yazdığını bildirib. O, Azərbaycanla sərhəddə Sünik vilayətində vəziyyətlə bağlı yardım, o cümlədən hərbi dəstək istəyib.
"Bilirsiniz ki, Rusiya və Ermənistan daim əlaqədədir. Həmçinin biz Bakı ilə davamlı təmasdayıq. Prezident üçtərəfli razılaşmaların yerinə yetirilməsinin tərəfdarıdır. Hazırda gərginliyin aradan qaldırılması və vəziyyətin düzəldilməsi üçün ciddi səylər göstərilir", - Peskov deyib.
Kremlin nümayəndəsi “Rusiya prezidenti hərbi yardımla bağlı Paşinyanın məktubunu alıbmı” sualına cavab verməyə çətinlik çəkib. "Mən sizə dəqiq deyə bilmərəm, amma bütün bu məsələlər təbii ki, ikitərəfli əlaqələr zamanı dəfələrlə müzakirə olunub", - Peskov bildirib.