Vladimir Putinin hərbi paraddakı nitqi məni heyrətləndirdi. Adətən belə çıxışlar ritual xarakter daşıyır, bayramın ayrılmaz, vacib, amma mənasız parçası olur. Amma bu dəfəki nitq başqa idi.
Vladimir Putin öz qısa nitqinə çoxlu dəhşətli şeylər sığdıra bildi.
O dedi ki, müharibənin ən ağır illərində biz düşmənlə təkbətək qalmışdıq. Əlbəttə yalnız öz faciəmizdən və qəhrəmanlığımızdan danışmaq olardı. Lakin “təkbətək” sözü dünya müharibəsinin reallıqlarını inkar etməkdir. O, hətta Stalinin “bizim igid müttəfiqlərimiz” adlandırdıqları haqda bircə kəlimə belə deməməyə cəsarət etdi. O elə davrandı ki, sanki Asiyada, Şimali Afrikada heç bir döyüş olmayıb, “lendliz” və Londonun bombardman edilməsi heç yaşanmayıb. Biz əvvəllər də, indi də bütün dünyaya qarşı təkik. Paradda uzaqbaşı yeganə dövlət başçısı (İmoməli) Rahmon var.
Putin özünün rəhbərlik etdiyi dövlətlə konfliktdə olan hamını – bu isə demək olar ki, bütün dünya deməkdir - nasist Almaniyası ilə eyniləşdirdi. Yəni biz yenidən müharibəyə hazırlaşırıq?
Yenə haqq qazandırılması qeyri-mümkün olan satqınlar barəsində danışdı – sağ olsun ki, “beşinci kolon” haqda heç nə demədi.
Bir halda ki o, sıravi təbrik mətnindən kənara çıxıb, ortaya bəzi suallar çıxır. Putinin özünə verilməli olan suallar. Biz qələbənin növbəti ildönümünə necə qədəm qoyuruq?
Biz izolyasiyadayıq, müttəfiqimiz yoxdur, “Molotov Ribentrop” paktını kimlə imzalayacağımızı belə bilmirik. 1945-ci ildə bəşəriyyətin planeti bürümüş şər üzərində qələbəsini qeyd edirdik. Bu gün artıq bəşəriyyət dediyimiz nəsnədən bir şey qalmayıb, biz yeganə qaliblərik və yenə də hər tərəfdən düşmənlərlə əhatələnmişik.
Biz beynəlxalq müqavilələri kobud şəkildə pozmuşuq, başqa dövlətlərin ərazilərini işğal etmişik, Ukrayna və Gürcüstan torpaqlarında müharibə aparırıq – bunları ən dəhşətli yuxularımızda da görə bilməzdik. Dünya bu gün də müharibəqabağı dövrü yada salır. Amma artıq insanlığa qarşı təhlükə olaraq bizi görür.
Bizim sağ qalmış az sayda müharibə veteranlarımız alman veteranlarından pis vəziyyətdə yaşayırlar. Onlar ömürlərini nəinki kasıblıq, hətta demək olar ki, səfalət içində davam etdirirlər. Bunun səbəbi bizim kasıb dövlət olmağımız deyil. Dövlətin idmana, silah-sursata, məmurlar üçün saraylara və bahalı avtomobillərə, onların elə öz xalqından mühafizəsinə, Lukaşenkoya “kömək” etməyə vasaiti var.
Dövlət Kuba və Afrikanın borclarını bağışlayır, amma Böyük Vətən Müharibəsinin veteranlarından canını sadəcə ucuz paylarla qurtarır. Dövlətimiz hələ də o zamankı rəhbərliyin səriştəsizliyi və qəddarlığına görə itirilmiş milyonlarla həyata – toplu qəbirlərə atılanlara, taleyin ümidinə tərk edilmiş əsirlərə, Qırmızı Ordunun güllələnib edam edilmiş əsgərləri və komandirlərinə, qaliblərin Stalinin əmri ilə göndərildiyi həbs düşərgələrinə görə öz xalqı qarşısında üzr istəməyib.
Ölkəmizə görə qorxuram!
Leonid Qozman, siyasətçi