Bir müddət əvvəl Gürcüstan gömrükçüləri Rusiyadan Ermənistana humanitar yardım adı altında göndərilən hərbi xarakterli yükü buraxmayıb. Söhbət 2 min ədəd gülləkeçirməyən gödəkçədən gedir.
Gürcü sərhədçilər “Yuxarı Lars” Nəzarət-Keçid Məntəqəsində həmin yükün olduğu 2 avtomobilin ölkə ərazisinə keçməsinə izn verməyib və erməni sürücülərin də, maşınların da sənədlərini alıblar. Avtomaşınlar bir aya yaxın müddətdə sərhəddə boş yerə gözlədikdən sonra ötən ayın sonlarında geriyə - Rusiyaya dönməli olub.
Gürcü tərəfi öz qərarını belə izah edib ki, adıçəkilən geyimlər humanitar yük sayıla bilməz. Lakin bəlli olub ki, ermənilər həmin yükü hər halda Ermənistana çatdırmağa müyəssər olublar. Özü də elə Gürcüstan vasitəsilə və qanunsuz yolla. Lakin istəklərini quru nəqliyyatı ilə yox, hava xətti - təyyarə ilə, “Bort N1” rəsmi reys vasitəsilə və beynəlxalq mülki aviasiya normalarını kobud şəkildə pozaraq reallaşdırıblar.
Gülləkeçirməyən gödəkçələr məhz Ermənistan baş naziri əvəzi Nikol Paşinyanın olduğu təyyarədə Yerevana çatdırılıb.
Qeyd edək ki, aprelin 29-da Nikol Paşinyan Avrasiya İqtisadi Birliyi Hökumətlərarası Şurasının iclasında iştirak eləmək üçün “Airbus A319 132” dövlət təyyarəsi ilə (qeydiyyat nömrəsi 701) Kazana uçub. Toplantı cəmi 2 gün çəkmişdi, amma erməni mənbələr həmin ərəfədə xəbər yaydı ki, hökumət təyyarəsində nasazlıq yaranıb və Nikol Paşinyan aprelin 30-da başqa bir təyyarə ilə Yerevana qayıtmalı olub. Hökumət uçağı isə guya təmirə saxlanılıb.
“Flightradar 24” servisinin məlumatına görə, “Bort N1” Kazandan yalnız mayın 5-də uçub, həmin gün saat 13:13-də Şimali Osetiyanın mərkəzi Vladiqafqaza qısamüddətli eniş edib və saat 16:46-da oradan havaya qalxaraq, yəni tranzitlə, Gürcüstan üzərindən Yerevana istiqamət götürüb. 18.06-da isə Yerevana enib. Təbii ki, Gürcüstanın buraxmadığı məlum yüklə.
Şəkillərdən göründüyü kimi, qanunsuz yükün hava nəqliyyatı yolu ilə daşınmasına dair erməni tərəfi beləcə növbəti dəfə və yenə hökumətin rəsmi hava bortundan istifadə eləməklə humanitar yük adı ilə öz ərazisinə Rusiyadan qanunsuz şəkildə hərbi xarakterli məhsul daşıyıb. Bununla da gürcü tərəfinin qadağasından yan keçərək və ona məhəl qoymayaraq, Beynəlxalq Mülki Aviasiya və Normaları haqda Çikaqo Konvensiyasını kobud şəkildə pozub.
Xatırladaq ki, bu, rəsmi Yerevanın ilk pirat hərəkəti deyil. Hələ keçən ilin 44 günlük Qarabağ müharibəsi zamanı Moskva-Yerevan reysi ilə, Gürcüstan üzərindən hökumət aviareysləri vasitəsilə Ermənistana, oradan da müharibə gedən Azərbaycan ərazilərinə, Qarabağa hərbi sistemlər və silah-sursatlar daşınmışdı. Məsələn, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan məxsusən bu məqsədlə 2020-ci il oktyabrın 3-də hökumət təyyarəsi ilə Moskvaya uçmuşdu.
Əlavə edək ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ o vaxt müsahibələrində bir neçə dəfə bu məsələyə toxunmuş, Rusiyadan Ermənistana hansı reyslə, nələrin daşındığı haqda Azərbaycan tərəfdə müfəssəl bilgilərin olduğunu söyləmişdi.