Paşinyan Putindən hərbi yardım istədi

Paşinyan Putindən hərbi yardım istədi
15 May 2021
Mətni dəyiş
Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə məktub yazıb. “RİA Novosti” xəbər verir ki, bu barədə Paşinyan özü məlumat verib. O bildirib ki, məktubunda Azərbaycanla həmsərhəd olan Sünik (Zəngəzur) vilayətindəki vəziyyətlə əlaqədar Rusiya dövlət başçısından hərbi yardım istəyib. Xatırladaq ki, İrəvan mayın 12-nə keçən gecə 200-ə yaxın Azərbaycan hərbiçisinin Ermənistanın Sünik vilayəti istiqamətində mövqelərini irəli çəkdiyini iddia edir. Bu barədə Ermənistan kütləvi informasiya vasitələri Qoris hakimiyyətinə istinadla məlumat yayıb. Azərbaycan XİN isə bildirib ki, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir. Açıqlamada həmçinin qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir. "Bu proseslə bağlı Ermənistan tərəfinin qeyri-adekvat reaksiya verərək, təxribat xarakterli bəyanatlarla çıxış etməsi təəccüb doğurur. Hesab edirik ki, bu məsələnin Ermənistandakı seçkiqabağı vəziyyətlə bağlı rəsmi dairələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunması cəhdləri yolverilməzdir. 12 may tarixindən etibarən AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır. Ermənistanın siyasi-hərbi dairələrinə təşvişə düşməməyi, Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul etməyi və əsassız olaraq bölgədə vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik. Bu kimi hallar hər iki tərəfdən hərbçilər arasında qarşılıqlı təmaslar vasitəsilə müzakirə olunaraq, həll oluna bilər və olunmalıdır. Azərbaycan öz tərəfindən, qeyd olunan bölgədə gərginliyin aradan qaldırılmasına sadiqdir və bu istiqamətində müvafiq addımların atılmasına çağırır", Azərbaycan XİN-nin bəyanatında bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun