Navalnıya ilkin tibbi yardım edən 2 həkim ölüb, biri istefa verib, biri də itkin düşüb

Navalnıya ilkin tibbi yardım edən 2 həkim ölüb, biri istefa verib, biri də itkin düşüb
10 May 2021
Mətni dəyiş

Rusiya müxalifətinin həbsdə olan lideri Aleksey Navalnıya zəhərləndikdən sonra ilk tibbi yardım göstərən Aleksandr Muraxovski meşəlik ərazidə itkin düşüb. 

Aleksandr Muraxovski Rusiyanın Omsk bölgəsində xəstəxananın baş həkimi işləyib. Müxalifət lideri Aleksey Navalnı zəhərlənən zaman ona ilk yardımı məhz o göstərib. Ancaq Muraxovski Navalnının zəhərlənmədiyini demişdi.

Bundan sonra Aleksandr Muraxovski vəzifəsi baş həkimdən Omsk bölgəsinin səhiyyə müdirliyinə kimi qaldırılmışdı.

Aleksandr Muraxovski cümə günü saat 16:00 radələrində Sibirin Bolşeukovski bölgəsində ATV ilə birlikdə ova çıxdığı zaman itkin düşüb. Ondan xəbər almaq mümkün olmayıb və dərhal polisə məlumat verilib. Hazırda axtarışlar davam edir.

Aleksandr Muraxovskidən başqa, Navalnıya ilkin tibbi yardım göstərilən Omsk bölgəsinin xəstəxanasının bir həkimi ürək tutmasından, digər bir həkimi isə infarkt səbəbilə ölüb. Daha bir həkim isə vəzifəsindən istefa verib.

Xatırladaq ki, 2020-ci ilin avqust ayında Sibirdən Moskvaya qayıdarkən təyyarədə səhhəti pisləşən 44 yaşlı rus müxalifət lideri Aleksey Navalnının zəhərləndiyi iddia edilib. Navalnı 22 avqustda xüsusi təyyarə ilə müalicə üçün Omskdan Berlinə aparılıb.

Almaniya Rusiya müxalifətinin liderinin zəhərləndiyindən əmin olduqlarını açıqlayıb. Navalnı müalicəsini başa vurduqdan sonra bu ilin 17 yanvarında ölkəsinə qayıdıb.

Moskvanın Simonski məhkəməsi, fevralın 2-də müxalifət liderinin indiyə kimi olan şərti cəzasını real həbs cəzası ilə əvəzləyib. Bununla da onun barəsində 2014-cü ildə "İv Roşe" işi ilə bağlı çıxarılmış 3 il yarımlıq şərti cəza yenidən qüvvəyə minib.

Məhkəmənin qərarında deyilir ki, Navalnı bu cəzanın yalnız 2 il yarımını həbsxanada keçirəcək. Çünki o, 2014-cü ildə bir müddət ev məhbusu olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun