4 May 2021
Mətni dəyiş
Azərbaycan hakimiyyəti ölkəni idarəçilik baxımından çox sürətlə ikinci Qarabağ savaşından əvvəlki repressiya və korrupsiya gündəminə qaytarır. Bu barədə Demokratiq Qüvvələrin Milli Şurasının bəyanatında deyilir.
“Savaş günlərində Azərbaycan ictimaiyyətində az qala konsensus həddində belə gözləntilər yaranmışdı ki, hakimiyyət daha əvvəlki idarəçilik üslubundan imtina edəcək və ölkədə hər şey tədrici də olsa, yaxşılığa doğru dəyişəcək. Amma təəssüf ki, İlham Əliyev iqtidarı, yeri gəlmişkən, şəxsən onun öz təşəbbüsü ilə qısa zamanda nümayiş etdirdi ki, cəmiyyətlə, siyasi müxalifətlə münasibətlərində əvvəlki neqativlərin heç birindən imtina etmək fikrində deyil.
Savaş bitəndən sonrakı qısa müddətdə siyasi sifarişli həbslərə, xüsusən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərinin, təəssübkeşlərinin həbsinə yenidən start verilib”, deyə bəyanatda bildirilir.
Bugünlərdə Xalq Cəbhəsi Partiyasının üzvlərindən Səid Bakuvinin xuliqanlıq ittihamı ilə 3,5 il müddətinə həbs edilməsi bunun açıq-aşkar nümunəsidir.
Bundan əvvəl isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının təəssübkeşi olan Laçın Vəliyev ötən ilin iyulundakı Qarabağ yürüşünə görə mühakimə olunan partiyanın funksionerlərindən Bəxtiyar İmanovun əleyhinə ifadə vermədiyi üçün narkotik ittihamı ilə şərlənərək həbs olunub.
Laçın Vəliyev irəli sürülən saxta ittihamı qəbul etsin deyə öz evində ailəsilə olan intim münasibətinin videogörüntüləri ilə şantaj olunub. Hakimiyyət orqanları bu görüntüləri onun evinə gizli yerləşdirilən kamera vasitəsilə əldə edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gəncə şöbəsinin üzvü Şahin Hacıyev feysbukda tənqidi yazılarına görə 2 dəfə inzibati qaydada həbs olunub və sonda cinayət ittihamıyla uzunmüddətli həbs olunacağı ilə hədələnərək sosial şəbəkələrdə fəaliyyətini dayandırmağa vadar edilib.
Milli Şura üzvü Tofiq Yaqublu barəsində cinayət işi də indiyədək bağlanmayıb.
Milli Şura Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyliyə qarşı təzyiqlər də davam etdirilib. Məhkəmə onun üzərinə əsassız olaraq 91 000 manat cərimə qoyub. Cərimə ödənməsə onun evi və maşını müsadirə olunacaq.
Avropada Azərbaycan hökumətini sərt tənqid edən mühacir blogerlərə qarşı fiziki hücumlar olub.
Sosial şəbəkələrdə də rəqiblərə qarşı kibercinayətlər güclənib. Hakerlər Milli Şura sədri Cəmil Həsənlini səhifələrini sındırıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə qarşı 1 il əvvəl tətbiq edilən internet-kommunikasiya blokadası hələ də aradan qaldırılmayıb.
“Ümumiləşdirsək, hökumət Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyasının simasında real müxalifətə və sərt tənqidçilərinə qarşı yenidən sifarişli həbslər, işgəncə, hədələmə, mənəvi terror, fiziki hücumlar, kibercinayətkarlıq, internet blokadasına almaq kimi anti-konstitusion üsullarla mübarizə aparır. Belə görünür ki, hakimiyyəti sivil siyasi münasibətlər müstəvisinə keçirmək üçün edilən yerli və beynəlxalq cəhdlər hələ də yetərli olmayıb. Azərbaycan hakimiyyəti yenə də nə beynəlxalq öhdəliklərinə əməl edir, nə də ölkənin Konstitusiya və qanunlarına. Deməli, Azərbaycan ictimaiyyəti və demokratik dünya daha artığını etməlidir ki, İlham Əliyev hakimiyyəti Konstitusiya və beynəlxalq öhdəliklərini yerinə yetirsin”, deyə Milli Şuranın bəyanatında qeyd edilir.