Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfəri çərçivəsində Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla görüşüb.
Görüşün əsas gündəmi Qarabağ məsələsi olub. 10 noyabr bəyanatının imzalanmasından sonra Azərbaycan mövqelərinə hücum edib ələ keçirilən erməni hərbçilərin də məsələsinə münasibət bildirən Lavrov onları "əsir" adlandırıb.
Lavrov əlavə edib ki, erməni "əsir"lərin geri qaytarılmasında yaranan problem aradan qaldırılacaq: "Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə əsirlərin dəyişdirilməsi kimi bütün humanitar addımların atılmasının tərəfdarıdır", deyə o, qeyd edib.
Azərbaycan prezidenti İlham Əliyev isə dəfələrlə çıxışlarında bildirib ki, 10 noyabr bəyanatından sonra Azərbaycan ərazilərinə hücum edərək saxlanılan erməni hərbçilər əsir deyillər. Onlar terroristdirlər və geri qaytarılmayacaqlar.