Mayın 12-nə keçən gecə 200-ə yaxın Azərbaycan hərbiçisi Ermənistanın Sünik vilayəti istiqamətində mövqelərini irəli çəkiblər.
Bu barədə Ermənistan kütləvi informasiya vasitələri Qoris hakimiyyətinə istinadla məlumat yayıb.
Qoris merinin müavini İrina Yolyan bildirib ki, Azərbaycanlılar İşxanasar dağı istiqamətindən dövlət sərhədini keçiblər və Verişen kəndi istiqamətində üç kilometr irəliləyiblər. "Burada Sevliç gölü yerləşir, onun 30%-i Azərbaycan ərazisindədir, amma azərbaycanlılar bu su hövzəsini tamamilə öz nəzarətləri altına götürmək istəyirlər", deyə Yolyan bildirib.
Öz növbəsində, Sünik vilayətinin keçmiş qubernatoru Vaqe Akopyan Sputnik Armenia-ya bildirib ki, gecə Azərbaycan hərbiçiləri İşxanasar bölgəsində erməni blokpostuna gedən yolu bağlayıblar.
Ermənistan tərəfin son məlumatlarına görə, tərəflər arasında rus hərbiçilərin iştirakı ilə danışıqlar başlayıb.
Azərbaycan Müdafiə Nazirliyi və Sərhəd Qoşunları bu məlumatları şərh etmir.
Məsələ ilə bağlı mayın 12-də Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirərək Sünik vilayətindəki Qaragöl (Sev liç) ətrafındakı vəziyyəti müzakirə edib.
Bu haqda AzadlıqRadiosu-nun Ermənistan xidməti (Azatutyun) məlumat yayıb.
Paşinyan qeyd edib ki, mayın 12-də səhər Azərbaycanın Silahlı Qüvvələri Qaragöl rayonu ərazisinə, Ermənistan ərazisinin 3.5 kilometrliyinə girib. Paşinyanın sözlərinə görə, Azərbaycan tərəfi gölü nəzarətinə almağa çalışıb və bunu “diversiya irəliləməsi” adlandırıb.
“Yaranmış vəziyyət qəbuledilən deyil və Ermənistan bu vəziyyətlə barışa bilməz. İlkin vəzifəmiz durumu danışıqlar, o cümlədən diplomatik yolla həll etməkdir. Ancaq bu, variantlardan yalnız biridir”, – Paşinyan deyib.
Paşinyan onu da qeyd edib ki, Azərbaycan hərbçiləri silaha əl atmayıb, ancaq hərəkətlərini “hansısa saxta xəritələrlə” əsaslandırmağa çalışıb. “Ermənistanin əlində Sovet İttifaqının mərkəzi hakimiyyətinin təsdiqlədiyi xəritə var. Orada Ermənistanla Azərbaycanın sərhədinin haradan keçdiyi aydın görünür”, – o deyib.
Nikol Paşinyan Sünikdəki vəziyyəti mayın 12-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşündə də müzakirə edib. Azatutyun bildirir ki, tərəflər regionda əməkdaşlığın inkişafı üçün vacib amillər olan sülhün və sabitliyin saxlanmasında maraqlı olduqlarını qeyd ediblər.
Ermənistanın Müdafiə Nazirliyi isə mayın 12-də Azərbaycan Silahlı Qüvvələrinin “sərhədlərin dəqiqləşdirilməsi” məqsədilə sərhədyanı sahələrin birində müəyyən işlər aparmağa cəhd etdiklərini bildirib. Amma Ermənistan silahlı bölmələrinin atdığı addımlar nəticəsində Azərbaycan hərbçilərinin işi dayandırdığı, yaranmış vəziyyətin tənzimlənməsi üçün danışıqlar aparıldığı qeyd olunub. Nazirliyin mətbuat xidməti “İşhanasar istiqamətində döyüşlər”in getdiyi haqda informasiyanın həqiqətə uyğun olmadığını açıqlayıb.
Qaragöl Süniklə Dağlıq Qarabağın sərhədində, İşhanasar yamacında yerləşir.
Verişen icmasının başçısı Ararat Ordyanın sözlərinə görə, azərbaycanlı hərbçilər hazırda kəndin sərhədində, yaşayış məntəqəsinin 6 kilometrliyindədirlər. “Bizimkilər də hərbçiləri irəli çəkiblər”, – o vurğulayıb, qarşıdurma deyil, indilik yalnız mübahisə baş verdiyini söyləyib.
Ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf 7 rayonu Ermənistanın işğalından azad edib. Ancaq qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Sərhədlərin demarkasiyası prosesinin artıq yekunlaşmaq üzrə olduğu bildirilir.