Bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan kanallarına müsahibəsində bəzi ölkələri tənqid edib. Prezidentin Kanada ilə bağlı fikirləri isə xüsusi maraq yaradıb.
O, deyib: "Bu yaxınlarda mənə məlumat verildi ki, Kanadanın Xarici İşlər Nazirliyi Azərbaycanla, bizim daxili işlərimizlə bağlı bəyanat verir. Nə haqqı var? Kim buna belə bir haqq verib? Özünü nə sayır Kanada? Bəlkə bu, superdövlətdir biz bilməmişik".
Abzas.net bu suallara cavab tapmaq üçün, Kanada ilə bağlı kiçik araşdırma edib. Araşdırmanı sizə təqdim edirik:
Kanada
Kanada — " kənd" mənasını verən "Kanata" sözündəndir. Şimali Amerika qitəsinin ən şimalındaki dövlətdir. Dünyada Rusiyadan sonra ərazisinə görə ikinci, yerləşdiyə qitəyə görə isə birinci ən böyük ölkədir. Əhalisinin sayı 36 milyon nəfərdən çoxdur. Əhali sıxlığı ən az olan ölkədir – 1 kv.km-ə 3.5 nəfər.
Ölkə ərazisinin cəmi 15%-ə qədər hissəsi kənd təsərrüfatına yararlıdır. Yüksək məhsuldarlığı və əmtəəliyi ilə fərqlənən kənd təsərrüfatı ixracat əhəmiyyətinə malikdir. Əmtəəlik məhsullarının 60%-ə qədərini verən heyvandarlıq kənd təsərrüfatının başlıca sahəsidir.
Bundan əlavə, emaledici sənaye hakim mövqe tutur, lakin hasilat sənayesinin və kənd təsərrüfatının payı ABŞ-a, Qərbi Avropa ölkələrinə və Yaponiyaya nisbətən xeyli yüksəkdir. Kanada dünya bazarında ilk əvvəl sənaye xammalı (ölkədə çıxarılan mineral xammalın 80%-i ixrac edilir) və ərzaq tədarükçüsü kimi tanınıb.
Ölkədə istehsal edilən məhsulların əhəmiyyətli hissəsi dünya bazarına çıxarılır. İxracatının 2/3 hissəsindən artığı xammal, yarımfabrikat və ərzaq məhsullarının payına düşür. Kanada həm də maşın və avadanlıqlar ixrac edir. İdxalatında hazır sənaye məhsulları, boksit, pambıq, kauçuk, qəhvə, kakao üstünlük təşkil edir. Xarici ticarət dövriyyəsinin 2/3-dən artıq hissəsi ABŞ-ın payına düşür.
Kanada sink, uran, qızıl, alüminium, daş kömür, nikel, polad kimi xammalların öndə gedən ixracatçısıdır. BMT-nin son araşdırmalarından birinə görə Kanada dünyada inkişaf indeksi üzrə 4-cü yeri tutur ki, bu da Kanadanı yaşamaq və uşaqları böyütmək üçün ideal bir ölkə edir.
2013-cü il etibari ilə Kanadada orta ömür müddəti 81 il olaraq qeyd edilib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2012-ci ildə verdiyi məlumata əsasən Kanada dünyanın ən təhsilli ölkələrindən biridir. Kanadanın ən böyük şəhəri olan Toronto eyni zamanda, dünya üzrə ən çox universiteti olan bir şəhərdir.
Kanada dünyada miqrantların və turistlərin ən çox seçdiyi ölkələrdən biridir.