Kamran Əliyev "Tərtər işi" barədə danışıb

Kamran Əliyev "Tərtər işi" barədə danışıb
10 May 2021
Mətni dəyiş

Baş prokuror Kamran Əliyev son günlər "Tərtər işi" ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

O, deyib ki, "Tərtər işi" ilə bağlı 2017-ci ildə istintaq işi aparılıb.

"Burada müəyyən edilən konkret cinayətlərlə bağlı işlər başlanılıb, konkret şəxslərə ittihamlar elan edilib, müvafiq məhkəmə hökmləri çıxarılıb və bu iş Ali Məhkəməyə göndərilib. Bununla bağlı ictimaiyyətə ətraflı məlumatlar verilib. Bu işin ətrafında əsassız olaraq hay-küy yaratmaq absurdur", - K.Əliyev vurğulayıb.

"Tərtər işi"

2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayaraq, saxlanılan hərbi qulluqçular və mülki şəxslərdən ibarət qrupu Ermənistan xüsusi xidmətinin xeyrinə casusluqda ittiham ediblər.

Mayın 3-də Azərbaycan Hərbi Prokurorluğu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Adları çəkilən güc qurumlarının əməkdaşlarından ibarət birgə istintaq qrupu yaradılıb.

Saxlanılan şəxslər müxtəlif müddətə azadlıqdan məhrum ediliblər. Lakin tezliklə məlum olub ki, istintaq zamanı ən azı 8 şübhəli işgəncələrdən ölüb. Onlarla hərbiçiyə dəhşətli işgəncələr verilib. Sonradan təkrar istintaq zamanı dörd mərhuma bəraət verilib, onlara qarşı ittihamları saxtalaşdıran müstəntiqlər isə 7 ilədək azadlıqdan məhrum ediliblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun