“198 gündür aclıq edən həbsdə olan Azel TV xəbər portalının baş redaktoru Əfqan Sadıqovun vəziyyəti ağır olaraq qalır. Onu yalnız sistem köçürməklə yaşadırlar. Əfqan aclığı dayandırmır, deyir ki, sona qədər, yəni ədalət bərpa olunanadək aclığı davam etdirəcək”.
Bu barədə Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova Turana bildirib
Onun sözlərinə görə, hazırda Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində saxlanılan jurnalist sistem köçürülməklə yaşayır.
“O, bir müddət sistem qəbulundan da imtina etmişdi. Mən xahiş etdim ki, sistemdən imtina etməsin. Çünki sistemdən imtina etsə öləcək. Ona güclü sistemlər köçürürlər ki, ölməsin. Amma vəziyyəti ümumən çox ağırdır. Çəkisi 95 kiloqramdan 50 kiloqrama düşüb. Artıq əlil arabasından qalxa bilmir. İmmuniteti çox aşağıdır. Qanından şəkər çıxıb. Böyrəklərində problem var. Oynaqlarında problem var. Ümumən vəziyyəti çox pisdir".
Sadıqova deyib ki, Əfqan Sadıqov Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib. Ancaq şikayətin verilməsindən üç ay keçməsinə baxmayaraq, hələ də Ali Məhkəmədə baxış təyin edilməyib.
"Mən çox istərəm ki, Əfqanın bu ağır durumu nəzərə alınıb Ali Məhkəmədə baxış tezləşdirilsin. Biz Ali Məhkəmədən ədalətli qərar gözləyirik. Təbii ki, Əfqanın da Ali Məhkəməyə böyük ümidi var”.
Sadıqova deyib ki, həyat yoldaşının həbsindən sonra onun ailəsi həm mənəvi, həm də maddi çətinliklərdən əziyyət çəkir.
“Mən, həm Əfqanın hüquqlarının müdafiəsi üçün mübarizə aparıram, həm uşaqlarımızı saxlayıram, həm də işləyirəm. Səhhətimdə də çox ciddi problemlər yaranıb. Ürək ağrılarım var. İnanırsınız, bizim üçün nə qədər çətindir. Uşaqlarımızı o qədər çətinliklə saxlayıram ki, onların normal qidalanmasını, geyimini belə təmin edə bilmirəm. İşləsəm də ailəmin təminatı üçün normal vəsait əldə edə bilmirəm. Bir tərəfdən də Əfqanı hər dəfə o vəziyyətdə görəndən sonra sarsıntı keçirirəm. Ürəyimdə çox ciddi problemlər yaranıb. Təbii ki, mən insanam, dəmir deyiləm ki. Həkim deyir ki, stresden uzaq ola, infarkta meyillisən”.
Sevinc Sadıqova deyib ki, təxminən bir ay öncə baş prokurorla görüşdən sonra ona qarşı izləmə və təzyiqlər dayanıb.
“Baş prokurorla görüşdən sonra təzyiq, şantaj dayanıb”.
O, Azərbaycan prezidentinə, hüquq mühafizə orqanlarının rəsmilərinə müraciət edərək bildirib ki, Əfqan Sadıqovun ölümü, bütövlükdə onun ailəsinin məhvi demək olar.
“Əfqan həyatını itirsə, xəstə qalsa, onun zərbəsi, ağrısı ailəsinə, uşaqlarına, anasına dəyəcək. Bir ailəni məhv etməyin, ədaləti bərpa edin. Biz sadəcə ədalətli məhkəmə istəyirik. Onun yolunu gözləyən iki uşağı, həyat yoldaşı, anası var. Bizim müraciətimiz budur,” o qeyd edib.
Əfqan Sadıqov 2020-ci il mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.
Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib. Sadıqov 2020-ci il noyabrın 3-dən məhkəmənin qərarına etiraz olaraq aclıq edir və bu gün artıq 198 gündür aclığı davam etdirir.
2021-ci il yanvarın 28-də Sumqayıt Apellyasiya Məhkəməsi Əfqan Sadıqov barəsində verilən hökmü qismən dəyişib, 7 il həbs cəzasını 6 ilə endirib.
“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur,” jurnalist məhkəmədə deyib.
Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir.
Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O, həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.
Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələr yazıb.
“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.