Hazırda həbsdə olan hüquq müdafiəçisi və jurnalist Elçin Məmməd saxlanıldığı 14 saylı cəzaçəkmə müəssisəsindən köçürülüb.
Bu barədə "Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İctimai Birliyinin Mətbuat Xidməti məlumat verib.
Elçin Məmmədin səhhəti ilə əlaqədar Ədliyyə Nazirliyinin müalicə məntəqəsinə yerləşdirilməsi gözlənilsə də bu, baş verməyib. Hüquq müdafiəçisini 16 saylı cəzaçəkmə müəssisəsinə gətiriblər. Elçin Məmmədin köçürüldüyü həbsxana əvvəlkinə nisbətən yaxşı olsa da onun səhhəti ağırdır və müalicəyə ehtiyacı var. O, hazırda risk altındadır və həyatı üçün problemlər qalmaqdadır. Qeyd edək ki, hüquq müdafiəçisi Hepatit C xəstəsidir və həbsxana şəraiti onun səhhətinə mənfi təsir edir. Elçin Məmməd uzun müddət saxlanıldığı 3 saylı istintaq təcridxanasında müalicə olunmayıb və fəsadları artmaqdadır. Artıq ayaqları da şişib, bronxlarında problem var və böyrəkləri normal funksiyasını yerinə yetirmir. Elçin Məmməd yerimədə və nəfəs almada çətinliklər çəkir. Bunun üçün Ədliyyə Nazirliyinin müalicə məntəqəsinə köçürülməlidir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ötən ay hüquq müdafiəçisi ilə həbsxanada görüşüblər və onun səhhətindən narahatlıq keçirdiklərini həbsxana rəhbərliyinə çatdırıblar.
Xatırladaq ki, Elçin Məmməd keçən ilin martında saxta şikayət əsasında həbs edilib. Ona qarşı qondarma cinayət işi açılıb və Sumqayıt şəhər məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi də hökmü qüvvədə saxlayıb və bu qərardan kassasiya şikayəti verilib. Elçin Məmmədin şikayətinə Ali məhkəmənin hakimi Əziz Seyidovun sədrliyi ilə baxılacaq. Hüquq müdafiəçisi həbsini vəkil və jurnalist kimi fəaliyyəti ilə əlaqələndirir. O, dövlət məmurlarının korrupsiya əməllərini araşdırıb və mediada, sosial şəbəkələrdə tənqidi yazılar dərc edib. Elçin Məmməd fəaliyyətinə görə dəfələrlə polis və prokurorluq orqanlarına çağırılıb. Sonuncu dəfə Sumqayıt şəhər prokurorluğu tərəfindən rəsmi xəbərdarlıq alıb. Elçin Məmməd 2019-cu ilin sonlarında açıq şəkildə ölümlə hədələnib, lakin polis məsələni araşdırmayıb. O, həbsindən az öncə Azərbaycanda İnsan Hüquqlarının vəziyyətini əks etdirən tənqidi hesabat yaymışdı. Amnesty İnternational, PEN, FİACARD, OMCT təşkilatı və digər beynəlxalq qurumlar onun həbsdən azad olunması üçün ölkə rəhbərliyinə müraciət edib. Yerli hüquq müdafiəçiləri də Elçin Məmmədin azadlığı üçün səy göstərirlər.