"Dmanisidə ötən gün baş vermiş insidentlə bağlı olaraq bir neçə şəxs saxlanılıb".
Bunu Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili Dmanisidə jurnalistlərə açıqlamasında deyib.
O, istinaq tədbirlərinin davam etdirildiyini və qarşıdurma zamanı ağır xəsarət alanlarla bağlı məlumata sahib olmadığını bildirib. DTX rəisi rayonda hazırkı vəziyyətin sakit olduğunu və tərəflərlə müvafiq işlərin aparıldığını qeyd edib.
Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri də məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, azərbaycanlılar və gürcülər əsrlər boyu birgə yaşayıblar. "Azərbaycanlılar bizim qardaşlarımızdır".
O vurğulayıb ki, rayonda baş vermiş xoşagəlməz hadisə millətlərarası qarşıdurmaya keçməməlidir: "Etnik azərbaycanlılar ilk növbədə, bizim vətəndaşlarımızdır, Azərbaycan isə Gürcüstanın strateji tərəfdaşı, müttəfiqi, qonşusu və dostudur. Biz qarşıdurmaya yol verə bilmərik. Dmanisidəki hadisələri etnik zəmində qarşıdurma kimi təqdim edərək problemi şişirtməyə çalışanlar var. Biz buna imkan verməyəcəyik".