Ermənistan parlamenti bu gün keçirilən iclasında Nikol Paşinyanın Baş nazir postuna namizədliyini səsverməyə qoyub. İlk turda keçirilən seçkilərdə parlament Paşinyanı Baş nazir seçməyib.
Paşinyanın namizədliyini irəli sürən Mənim Addımım bloku səsvermədə səslərindən istifadə etməyib. Rifah Ermənistan Partiyası isə ümumiyyətlə iclasa qatılmayıb. İclasa qatılan digər deputatlar Paşinyanın əleyhinə səs verib.
Mənim Addımım blokunun rəhbəri Lilit Makunt bildirib ki, erkən seçkilər ancaq Baş nazir iki dəfə seçilmədikdə təyin olunur, ona görə də onlar səs verməməklə bağlı qərar veriblər. Ermənistan konstitusiyasına görə, əgər parlament ikinci turda da Baş naziri seçə bilməsə, avtomatik olaraq buraxılacaq.
25 apreldə açıqlama verən Baş nazir Nikol Paşinyan növbədənkənar parlament seçkilərinə getmək üçün istifa verdiyini bildirmişdi.